Milli Məclis "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanunu qəbul edib

Milli Məclis "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanunu qəbul edib Ziyafət Əsgərov: "Hesab edirəm ki, düzəlişlər Azərbaycanın milli maraqlarına tam uyğundur"
Daxili siyasət
18 Mart , 2016 12:42
Milli Məclis Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanunu qəbul edib

Bakı. 18 mart. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihə barədə məlumat verən parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Konvensiyanın 1979-cu ilin oktyabr ayında qəbul olunduğunu deputatların diqqətinə çatdırıb.

O bildirib ki, Konvensiya 1988-ci ilin mart ayından qoşulmaq üçün açıqdır: "Azərbaycan isə bu Konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulub. 2005-ci ildə düzəlişlər qəbul edilib. Bugünkü iclasda da həmin düzəlişlərə baxılır. Düzəlişlərin mahiyyəti və məqsədi nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizlik qaydalarının möhkəmləndirilməsindən ibarətdir. Burada eyni zamanda, prinsiplər də müəyyən olunub ki, bu da dövlətlərin məsuliyyətini təyin edir. Hesab edirəm ki, düzəlişlər Azərbaycanın milli maraqlarına tam uyğundur".

Deputat Azay Quliyev yaxın günlərdə ABŞ-da beynəlxalq nüvə sammitinin keçiriləcəyini xatırladıb: "Bildiyinz kimi, bir müddət öncə ABŞ prezidenti Barak Obama tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev həmin sammitə dəvət edilib. Hesab edirəm ki, bizim bu konvensiyaya düzəlişi ratifikasiya etməyimiz də həmin sammitə ölkəmizin töhfəsi olardı".

Deputat Bəxtiyar Əliyev də Azərbaycanın bu konvensiyaya qoşulmasını, eləcə də bu sənədə düzəlişin ratifkasiya edilməsini müsbət addım kimi qiymətləndirib: "Azərbaycan bu sənədə qoşulub. Ancaq yaxşı olar ki, dünya birliyi də beynəlxalq konvensiyaların tələblərindən irəli gələrək, Azərbaycanın problemlərinin həllinə diqqət yetirərdi. Çünki 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu gün də ölkəmiz və region üçün təhdidlər yaradır. Konkret olaraq bu gün Ermənistan "Metsamor" atom elektrik stansiyasının tullantılarını Araz və digər çaylarımıza axıdır. Bütün bunlar nəinki Azərbaycan, bütün bölgə üçün böyük təhlükədir".

Digər deputatlar - Tahir Kərimli, Xanhüseyn Kazımlı, Hikmət Məmmədov, Elman Nəsirov Azərbaycanın bu konvensiyaya düzəlişin ratifkasiya edilməsini müsbət qiymətləndiriblər.

Qeyd edək ki, Konvensiyaya edilən düzəliş layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi