Yuxarı

Milli Məclis ictimai yerlərdə dini şüarların nümayişini qadağan edən qanunu qəbul edib

Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı belə mərasimlər təşkil edərsə azadlıqdan məhrum edilə bilər

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda bundan sonra ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan olunacaq. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü iclasında "Dini etiqad azadlığı haqqında" qanuna yeni maddənin əlavə edilməsi müzakirəyə çıxarılıb.

Təklif olunan əlavəyə görə, dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.

Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Eyni zamanda, qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə "Dini ayinlər, mərasimlər və atributlar" adlanacaq.

Həmçinin, Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. Əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Layihə Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi