Bakı. 18 mart. REPORT.AZ/ Milli Məclis güclü təsir edən maddələrdən istifadə edənlərin 8 ilə qədər həbs olunması ilə bağlı qanun layihəsini qəbul edib. "Report"un məlumatına görə, bununla bağlı məsələ "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə də əlavə və dəyişiklik edilib. Belə ki, məcəllənin 240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən, güclü təsir edən maddələrə münasibətdə satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə, 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.