Mətbuat Şurası Prezident seçkilərinin KİV-də işıqlandırılmasına dair hesabatını açıqlayıb

Mətbuat Şurası Prezident seçkilərinin KİV-də işıqlandırılmasına dair hesabatını açıqlayıb Bakı. 12 aprel. REPORT.AZ/ Mətbuat Şurası Prezident seçkilərinin kütləvi informasiya vasitələrində (KİV) işıqlandırılmasına dair hesabatını açıqlayıb.
Daxili siyasət
12 Aprel , 2018 16:48
Mətbuat Şurası Prezident seçkilərinin KİV-də işıqlandırılmasına dair hesabatını açıqlayıb

Bakı. 12 aprel. REPORT.AZ/ Mətbuat Şurası Prezident seçkilərinin kütləvi informasiya vasitələrində (KİV) işıqlandırılmasına dair hesabatını açıqlayıb.

Şuradan “Report”a bildirilib ki, Azərbaycan Mətbuat Şurası Prezident seçkilərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vəziyyətini öyrənmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirib:

1. KİV-lərin seçkiqabağı təşviqat mərhələsindəki (19 mart – 10 aprel 2018-ci il saat 08.00-dək) və sükut dövründəki (2018-ci il 10 aprel saat 08.00-dan 11 aprel saat 19.00-dək) fəaliyyətinin monitorinqi;

2. Jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqi.

Hesabatda KİV-lərin 11 aprel 2018-ci il Prezident seçkilərini işıqlandırmalarında Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatn aparılması qaydası haqqında” Təlimatından, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan irəli gələn tələbləri necə yerinə yetirmələri, seçki materiallarının təsnifatlandırılmış statistikası əksini tapıb.

6 telekanalda axşam praym-taym saatlarındakı (saat 18.00-dan 01.00-a qədər) namizədlərlə bağlı yayımlar, 15 mətbu KİV və 10 informasiya agentliyi və internet informasiya resurslarının materialları monitorinqə cəlb edilib.

Telekanallarda kommersiya, elan, qaçan sətirlər nəzərə alınmayıb.

Monitorinq materialları kimi yalnız namizədlərlə bağlı sırf təbliğat materialları nəzərdən keçirilib.

Monitonqə cəlb edilmiş KİV-lər aşağıdakılardır:

Telekanallar –İctimai TV, ATV, Lider TV, Space TV, Xəzər TV, ARB;

Qəzetlər – “Azərbaycan”, “525-ci qəzet”, “Palitra”, “Yeni Müsavat”, “Kaspi”, “Paralel”, “Ədalət”, “Bakı xəbər”, “Bizim yol”, “Xalq cəbhəsi”, “Şərq”, “Mövqe”, “Novoye vremya”, “Ekspress”, “Olaylar”

İnformasiya agentlikləri və internet informasiya resursları - Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC), Azəri Press Agentliyi (APA), Trend İA, Azadinform İA, “Report” İA, “Salamnews” İA, Modern.az, Qafqazinfo.az, Teleqraf.com, 1news.az.

Monitorinqi aparılmış KİV-lərin Azərbaycan Prezidentliyinə Namizədlərlə bağlı materiallarına əsasən 4 aspektdən yanaşılıb. Bu aspektlər aşağıdakılardır:

1.Materialların ümumi sayı. Burada KİV-lərdə namizədlərlə bağlı yayımlanmış bütün materialların qeydiyyatı aparılıb.

2.İkinci aspekt materialların namizəddən bəhs edilməsi ilə bağlı göstəricilərdir.

Burada 3 məqama diqqət yetirilib:

1.materialların tamamilə namizəddən bəhs etməsi,

2.materialların qismən namizəddən bəhs etməsi,

3.materiallarda namizədin adının çəkilməsi.

Üçüncü aspekt kimi materiallarda namizədin təqdim olunması forması nəzərə alınıb:

Burada da 3 təqdimat forması əsas götürülüb:

a) müsbət,

b) mənfi,

c) bitərəf

Dördüncü aspekt Prezidentliyə namizədə yaxud səlahiyyətli nümayəndəsinə təbliğat imkanının yaradılması ilə bağlıdır.

Burada monitorinqi aparılmış KİV-lərdə Prezidentliyə namizədlərlə bağlı materialların 3 prinsip üzərində dayanılıb:

a) Telekanallarda saniyələrlə,

b) Qəzetlərdə kvadratsantimetrlə,

c) İnformasiya agentliklərində və internet informasiya portallarında mətndəki işarələrlə.

Monitorinqi aparılmış materialların təhlili göstərir ki, KİV-lər seçki ilə bağlı təqdimatlarda maraqlı olublar. Namizədlərə, əsasən, bərabər imkanların yaradılmasına çalışıblar. Mediada heç bir namizədə etikadan kənar münasibət bildirilməyib, diskriminasiya hallarına yol verilməyib, hər hansı qərəz nümayişi, təhqir, böhtan və ya aşağılayıcı münasibət motivləri nəzərə çarpmayıb. Əvvəlki seçki dövrləri ilə müqayisədə bu nəticəni böyük uğur kimi qiymətləndirmək mümkündür.

Monitorinq göstərir ki, ümumən KİV-lər seçkiqabağı təşviqat mərhələsinin davam etdiyi 19 mart 2018-ci il tarixdən 10 aprel 2018-ci il saat 08.00-dək namizədlərin təqdimatında tərəfsizliyi qoruyublar, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatn aparılması qaydası haqqında” Təlimatından, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan irəli gələn tələbləri yerinə yetiriblər.

Monitorinqə cəlb edilmiş bəzi KİV-lərin materiallarında gizli siyasi təşviqat elementlərinə rast gəlinib. Lakin əvvəlki seçki dövrləri ilə müqayisədə belə hallara çox az təsadüf olunub. Ümumən bu kimi hallar nəzərəçarpacaq tendensiya kimi diqqət çəkməyib. Ancaq belə yanaşma istər-istəməz bəzi namizədlərin mediada təşviq olunmasını məhdudlaşdırıb. Onlar əsasən seçki məqsədi ilə ayrılmış vaxt və görüşlərdə özlərini təbliğ etmək imkanına malik olublar.

Monitorinqi aparılmış KİV-lər sükut dövrünün (2018-ci il 10 aprel saat 08.00-dan 11 aprel saat 19.00-dək) tələblərinə sadiq qalıblar. Bu müddətdə telekanallar, qəzetlər və informasiya agentlikləri üzərinə düşən tələbləri yerinə yetiriblər.

Hesabat dövründə monitorinqi aparılmış KİV-lərdə prezidentliyə namizədlərlə bağlı ümumilikdə 1051 material yayımlanıb.

Bunlardan 311-i telekanallarda, 341 qəzetlərdə, 399-u informasiya agentlikləri və internet informasiya resurslarında yer alıb.

Telekanallar namizədlərin təbliğinə 48037 saniyə vaxt sərf ediblər.

Qəzetlərdə namizədlərin təbliğinə 380799 kvadratsantimetr yer ayrılıb.

İnformasiya agentliklərində və internet informasiya portallarında namizədlərlə bağlı materiallarn həcmi 367844 işarədir.

Seçkiqabağı təşviqat müddətində namizədlərlə bağlı cəmi 11 mənfi yüklü material yayımlanıb. Bunlardan 4-ü qəzetlərdə, 7-i informasiya agentlikləri və internet informasiya resurlarında qeydə alınıb. Telekanallarda ümumən mənfi təqdimat hallarına rast gəlinməyib.

Beləliklə monitorinq göstərir ki, KİV-lər 11 aprel 2018-ci il Prezident seçkilərini işıqlandırarkən Azərbaycan Respublikasının Konstitusiyasından, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatn aparılması qaydası haqqında” Təlimatından, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan irəli gələn tələbləri yerinə yetiriblər. Qeydə alınmış kiçik nöqsanlar medianın seçkidə iştirakı ilə bağlı ümumi müsbət tendensiyaya təsir göstərməyib.

Azərbaycan Mətbuat Şurası Prezident seçkiləri günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Həmçinin jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində media təmsilçilərinə yaradılmış şəraitlə tanış olublar. Onlar müşahidəçi qismində də seçkinin gedişini izləyiblər.

Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərib.

Aprelin 11-i saat 08.00-dan 19.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmiş jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Ötən zaman kəsiyində Şuranın “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.

Səsvermə müddətində seçki məntəqələrində monitorinq aparan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, 41 saylı Sumqayıt birinci və 42 saylı Sumqayıt ikinci, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal birinci və 14 saylı Xəzər, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 33 saylı Xətai, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 18 saylı Nərimanov-Nizami, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı 20 saylı Nərimanov ikinci, “APA holdinq”in rəhbəri Vüsalə Mahirqızı və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 26 saylı Sabunçu birinci, Milli Məclisin deputatı Aqil Abbas 29 saylı Səbail, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 45 saylı Abşeron, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 9 saylı Binəqədi birinci, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov 45 saylı Abşeron, Milli Məclisin deputatı Cavanşir Feyziyev 22 saylı Nəsimi ikinci, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 33 saylı Xətai birinci və 34 saylı Xətai ikinci, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 16 saylı Yasamal ikinci, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev 34 saylı Xətai ikinci, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 30 saylı Suraxanı birinci, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 29 saylı Səbail, “Azadinform” İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev 10 saylı Binəqədi üçüncü, “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev 23 saylı Nəsimi-Səbail, “Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov 29 saylı Səbail, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar.

Qeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar. 

Xatırladaq ki, səsvermənin ilkin nəticələrinə əsasən, İlham Heydər oğlu Əliyev 86.03 faizlə birinci olub.

Son xəbərlər

Orphus sistemi