Mehriban Əliyeva və Vyetnam Prezidentinin xanımı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar

Mehriban Əliyeva və Vyetnam Prezidentinin xanımı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar Qız qalası önündə xatirə şəkilləri çəkdirilib
Daxili siyasət
14 May , 2015 15:27
Mehriban Əliyeva və Vyetnam Prezidentinin xanımı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.

"Report" xəbər verir ki, qoruğa gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Vyetnam Prezidentinin xanımı May Thi Han əvvəlcə çay süfrəsinə qonaq olublar.

İçərişəhərdə gəzinti zamanı qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən bu Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisindəki müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qayğı ilə qorunub saxlanılır. Dar, kiçik daşlar döşənmiş küçələrlə hərəkət edən qonaqların diqqətinə çatdırıldı ki, İçərişəhər hər zaman özünəməxsus ab-havası ilə nəinki yerli sakinlərin, həm də xarici turistlərin sevimli məkanlarından biridir.

May Thi Han paytaxtın ən qədim hissəsi olan İçərişəhərdə fəaliyyət göstərən əntiq əşyalar mağazasında da olub, burada satılan və ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu bir daha nümayiş etdirən əşyalara baxıb. Mehriban Əliyeva bu mağazalarda əntiq qab-qacaq, xalça-palaz, tirmə şal, kəlağayı, xurcun, gəlincik və digər əşyaların satıldığını bildirib. Qonaq folklorumuzun nişanəsi olan buta, zərif naxışlarla bəzədilmiş əşyalara böyük maraq göstərib.

İçərişəhərlə tanışlığın son məkanı Qız qalası olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva May Thi Hana Bakının ən möhtəşəm tarixi abidələrindən biri olan, əzəməti ilə diqqəti cəlb edən Qız qalası, bu qeyri-adi memarlıq nümunəsinin özəllikləri barədə danışıb. Bildirilib ki, tarixi çox qədim dövrlərə gedib çıxan bu qala XII əsrdə bərpa edilib. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Bu gün də əfsanəvi görkəmini qoruyub saxlayan Qız qalasının qarşısında dünyanın hər yerindən gələn turistlərlə rastlaşmaq mümkündür.

Sonda Qız qalası önündə xatirə şəkilləri çəkdirilib.

Son xəbərlər

Orphus sistemi