Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib - YENİLƏNİB-2

Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib - YENİLƏNİB-2 VI Qlobal Bakı Forumu davam edir
Daxili siyasət
15 Mart , 2018 12:06
Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib - YENİLƏNİB-2

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu davam edir.

"Report"un xəbərinə görə, Türkiyənin Baş naziri Binəli Yıldırım forumda çıxış edib.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Vlorika Dansilanın, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Baş katib Antonio Quterreşin müraciətlərini oxuyublar.

Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib.

Birinci xanım Mehriban Əliyeva çıxış edərək, bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib.

Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edilib və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olunub.

Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olunub.

Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.


*** 10:39

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

“Report”un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.


*** 10:03

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu keçirilir.

“Report”un məlumatına görə, forumda Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir neçə ölkənin dövlət və hökumət başçıları iştirak edir.

Forumda Türkiyənin Baş naziri Binəli Yıldırım “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.

Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq iştirak edir.

Forum çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi