Yuxarı

Məhkəmədə Müsavat Partiyasından xaric edilən müsavatçıların iddiasına baxılıb

Proses hakim Abbas Rzayevin sədrliyi ilə keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Binəqədi Rayon Məhkəməsində Müsavatdan xaric edilən bir qrup narazı şəxsin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən baxış iclasında hər iki tərəf vəsatətlərlə çıxış edib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Məhkəmədə Müsavat Partiyasını vəkil Osman Kazımov müdafiə edib.

Qeyd edək ki, Müsavatdan xaric edilənlər partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar müraciətdə partiyanın sonuncu qurultayında pozuntular olmasını iddia edərək nəticələrin ləğv olunmasını, yenidən qurultay çağırılmasını tələb edib. İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar.

Müsavat rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə onlar partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi