Məhkəmə-hüquq sahəsində islahatların vəkillərin fəaliyyətinə hansı təsirləri var? - RƏYLƏR

Məhkəmə-hüquq sahəsində islahatların vəkillərin fəaliyyətinə hansı təsirləri var? - RƏYLƏR Bu gün Azərbaycanda ilk dəfə vəkillər öz peşə bayramlarını qeyd edir. Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd ediləcək. Azərbaycanda məhkəmə-hüquq sahəsində son illərdə aparılan islahatlar vəkillik institutunun da inkişafına müsbət təsirlərini göstərməkdədir.
Daxili siyasət
28 Dekabr , 2019 15:03
Məhkəmə-hüquq sahəsində islahatların vəkillərin fəaliyyətinə hansı təsirləri var? - RƏYLƏR

Bu gün Azərbaycanda ilk dəfə vəkillər öz peşə bayramlarını qeyd edir. Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı  “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd ediləcək. Azərbaycanda məhkəmə-hüquq sahəsində son illərdə aparılan islahatlar vəkillik institutunun da inkişafına müsbət təsirlərini göstərməkdədir.

Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri hesab edirlər ki, Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam cəmiyyətdə əhəmiyyətli rola malik olan vəkillik təsisastının inkişafında mühüm dəyişikliklərə səbəb olub. Xüsusilə ixtisas imtahanlarının müntəzəm olaraq keçirilməsi, gənc hüquqşünasların vəkilliyə qəbul edilməsi üçün şəraitin yaradılması qısa müddət ərzində vəkillərin sayının ikiqat artmasına səbəb olub. Həmçinin göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədi ilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi və neqativ hallarla bağlı mübarizə bu institutun nüfuzunun artması ilə nəticlənib.

Ölkə başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu ildə imzaladığı fərmanı ilə əlaqədar bu sahədə atılan addımlar və qanunvericiliyə edilən dəyişikliklər də vəkillik institunun fəaliyyətinə müsbət təsirlərini göstərib. Xüsusilə fərmanda “Elektron məhkəmə”, “Elektron icra” sistemlərinin tətbiqinin təkmilləşdirilməsi ilə bağlı yer alan müddəaların tətbiqi ilə məhkəmələr vətəndaşlar üçün daha əlçatan olub, hətta bəzi işlərdə məhkəməyə getmədən qərar çıxarılmasına nail olunması mümkündür. Təbii ki, bu sistem onların hüquqlarını müdafiə edən vəkillərin də fəaliyyət zamanı daha operativ nəticələr əldə etməsinə səbəb olur. "Elektron icra" sistemi icra prosesinin başlamasından xitamına qədər bütün mərhələləri əhatə edən qeydləri nəzərdə tutan bir informasiya sistemdir. Bu isə vəkillərə məhkəmə qərarından sonrakı icra prosesinin daim nəzarətdə saxlamağa səmərəli imkan verir.

Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrini müavini Aydın Axundov "Report"a açıqlamasında bildirib ki, son iki il ərzində çox böyük işlər görülüb: "Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əsas tapşırıqlardan biri vəkillərin sayının artırılması ilə bağlı idi. Əvvəllər isə 2-3 ildən bir imtahan keçirilirdi. Ancaq indi vəkilliyə namizədlərin fasiləsiz sənəd qəbulu aparılır və təkcə bu il vəkil olmaq istəyən namizədlər üçün 3 imtahan keçirilib. Regionlarda vəkillərin sayı artırılır. Hazırda 90-dək vəkil bürosu fəaliyyət göstərir, vəkillərin sayı isə 800-dən 1700 nəfərə çatıb. Bu, çox böyük işdir və 2-3 il əvvəl bu rəqəmlər ağlasığmaz idi. Bu artım eyni qaydada davam edəcək və növbəti il vəkillərin sayının 2000-dən artıq olması gözlənilir".

Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrini müavini Aydın Axundov: "Bu islahatlar nəticəsində özəl ekpertiza mərkəzləri yaradılacaq"

Aydın Axundov

Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrini müavini "Bu islahatlar nəticəsində özəl ekpertiza mərkəzləri yaradılacaq"

A.Axundov onu da bildirir ki, ölkə başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu ildə imzaladığı fərmanda nəzərdə tutulan əsas məsələlərin hamısının vəkillərin fəaliyyətinə aidiyyəti var:

"Bu islahatların nəticəsində qanunvericiliyə edilən dəyişikliyə əsasən, özəl ekpertiza mərkəzləri yaradılacaq. Bu, vəkillərin fəaliyyətində - vətəndaşların hüquqlarının müdafiəsini daha səmərəli təşkil etmək və müsbət nəticələr əldə etmək üçün çox vacib məsələdir.

Bundan başqa, fərmana əsasən, məhkəmə proseslərinin audioyazısının aparılması da vəkillər üçün çox əhəmiyyətlidir. Əvvəllər vəkillərlə hakimlər arasında bununla bağlı çoxsaylı mübahisələr yaranırdı. Məsələn, vəkil iddia edirdi ki, şahid bu cür ifadə verib, ancaq protokolda başqa cür yazılıb. Məhkəmə proseslərinin audioyazısının aparılması bu kimi hallara tamamilə son qoyacaq. Artıq vəkil birbaşa istinad edə biləcək ki, filan məhkəmə prosesində filan dəqiqədə şahid bu cür ifadə verib".

O əlavə edir ki, fərmanda nəzərdə tutulan və vəkillərin işinə birbaşa aid olan digər məsələ məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə bağlıdır:

"Biz həmişə bunun arzusunda olmuşuq. Bir predmetlə bağlı, eyni subyekt, eyni iddia ilə bağlı bəzən 4-5 ayrı qərarlar çıxarılırdı. Ümumiləşdirilmiş məhkəmə təcrübəsinin tətbiq edilməsi bunun qarşısını alacaq. Həmçinin elektron məhkəmənin yaradılması, sahibkarlarla bağlı işlərin sürətləndirilməsi, süründürməçiliyə yol verilməməsi kimi amillərin də hamısı vəkilliyin nüfuzunun artmasına səbəb olur".

A.Axundov bildirir ki, bütün bu proseslərin fonunda Prezidentin vəkillərin peşə bayramının yaradılması ilə bağlı sərəncam imzalaması vəkillər üçün əsl hədiyyə olub:

"28 dekabr "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun qəbul olunduğu tarixdir və qanun 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb. Əminliklə deyə bilərəm ki, bütün MDB-də vəkilliklə bağlı belə qanun yoxdur. Qanunda vəkilliyin müstəqilliyi, vəkillərin müdafiəsi və onların fəaliyyəti ilə bağlı digər vacib məsələlər öz əksini tapıb. Bu qanunun qəbulunun 20 illiyi ərəfəsində həmin tarixin "Vəkil günü" kimi qeyd edilməsi ilə bağlı möhtərəm Prezidentin sərəncam imzalaması çox sevindiricidir. Çünki bütün peşələrin bayramı vardı, vəkillərin isə peşə günü qeyd edilmirdi. Artıq vəkillərin də öz bayramı olacaq və bu da vəkilliyin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına müsbət təsir edən amillərdən biri olacaq".

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova "Report"a deyib ki, Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də apardığı islahatların uğurlu nəticələri göz önündədir:

"Bu islahatlar ölkəmizdə demokratik və hüquqi dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə, bütövlükdə hüquq sisteminin fəaliyyətində qanunun aliliyi prinsipinin təmin olunmasına hesablanıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova: "Bu peşəyə üz tutan hüquqşünasların sayı nəzərə çarpacaq qədər artıdı, vəkillik cavanlaşdı"

Sima Yaqubova

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü "Bu peşəyə üz tutan hüquqşünasların sayı nəzərə çarpacaq qədər artıdı, vəkillik cavanlaşdı"

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycanda vəkilliyin inkişafında mühüm, tarixi rolu olan sənəd imzalalamış oldu. Həmin sərəncamla Prezidentimiz ölkədə güclü, nüfuzlu vəkillik institutunun var oluşunda, inkişafında əvəzedilməz bir iz qoydu. Və islahatların davamı olaraq Prezidentimizin qəbul etdiyi normativ hüquqi aktlara nəzər saldıqda, açıq-aşkar görünür ki, vəkillik institutu və ümumiyyətlə məhkəmə-hüquq sistemi ilə bağlı ölkədə yeni, daha effektiv islahatlar dövrünün davam etdirilməsi hüquqi dövlət quruculuğu istiqamətində ölkə başçısının apardığı siyasətdə başlıca prioritet təşkil edir.

Məhz bu baxımdan Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı xüsusi ilə qeyd etmək istəyirəm. Bu fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasında, qanunun aliliyinin təmin olunmasında ciddi və mütərəqqi addım kimi qiymətləndirilməklə yanaşı həm də, vəkillik təsisatının gücləndirilməsinə hesablanmış mühüm addımlardan biridir".

S.Yaqubova deyib ki, Azərbaycan vəkilliyinin son iki ilinə baxanda bu sahədə onilliklərlə yığılmış məsələlərin çox sürətlə, effektiv həllini tapmasının şahidi olmaq mümkündür:

"Qeyd etmək yerinə düşərdi ki, vəkillikdə cavanlaşma olub, vəkillərin sayı iki dəfə artaraq hazırda 1700 nəfəri keçib, çoxsaylı, müasir standartlara cavab verən və müasir texniki baza ilə təchiz edilmiş yeni Vəkil büroları, həmçinin Regional Vəkil büroları yaradılaraq fəaliyyətə başladı. Vəkillər Kollegiyasının rəsmi saytı yaradılaraq vəkillik və hüquq sahəsində baş verən ən son dəyişiklilərlə, informasiya ilə cəmiyyətimizi təmin edir. Vəkillər Kollegiyasının fəaliyyətində cəmiyyətə açıqlıq əhəmiyyətli yer tutdu. Artıq cəmiyyətimiz, xalqımız üçün vəkil statusunu daşıyan şəxsin müəyyən edilməsində olan çətinlik aradan qalxıb. Belə ki, Vəkillər Kollegiyasının rəsmi saytında bütün üzvlərin vahid reysteri yaradıldı və artıq özünü vəkil kimi təqdim edən şəxsin çox rahatlıqla həqiqətən də vəkil olub-olmamasını müəyyən etmək mümkündür.

Vəkillik fəaliyyəti əvəllər hüquq sahəsində daha çox müraciət edilən peşələrdən olmasa da, son iki il ərzində ölkədə vəkilliyin gücünün və nüfuzunun artırılması istiqamətində aparılan böyük işlər sayəsində bu peşəyə üz tutan hüquqşünasların sayı nəzərə çarpacaq qədər artıdı, vəkillik cavanlaşdı".

Son xəbərlər

Orphus sistemi