Mədəni sərvətlərin dövlət və mühafizə siyahısına daxil edilməsi qaydası təsdiqlənib

Mədəni sərvətlərin dövlət və mühafizə siyahısına daxil edilməsi qaydası təsdiqlənib Nazirlər Kabineti bu barədə qərar qəbul edib
Daxili siyasət
1 İyun , 2016 03:00
Mədəni sərvətlərin dövlət və mühafizə siyahısına daxil edilməsi qaydası təsdiqlənib

Bakı. 1 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qayda “Mədəniyyət haqqında” qanunun 26.4-cü maddəsinə əsasən hazırlanıb və mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi qaydasını müəyyən edir. Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Qaydaya əsasən, Dövlət Siyahısına daşınar və daşınmaz mədəni sərvətlər daxil edilir.

Siyahıya daxil edilən daşınmaz mədəni sərvətlər aşağıdakılardır:

- milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və bədii əhəmiyyəti olan arxeoloji, təbii ərazilər və memarlıq kompleksləri;

- daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar;

- mədəni sərvətlərin toplandığı yerlər.

Dövlət Siyahısına daxil edilən daşınar mədəni sərvətlər aşağıdakılardır:

- qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;

- incəsənət abidələri.

Mədəniyyət və Turizm Nazirliyi, habelə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aşağıdakılara əsasən tarixi, arxeoloji, memarlıq, şəhərsalma, incəsənət, elmi və texniki, estetik, etnoloji və ya antropoloji əhəmiyyətli mədəni sərvətləri müəyyən edir:

- məqsədyönlü layihələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının icrası məqsədi ilə Nazirliyin, habelə İdarənin təşəbbüsü;

- fiziki və ya hüquqi şəxslərin, habelə arxeoloji qazıntını aparmış şəxsin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən müraciəti.

- dövlət və ya yerli özünüidarə orqanlarının müraciəti.

Mədəni sərvətlərin müəyyən edilməsi məqsədi ilə nazirlik, habelə idarə tərəfindən ekspertiza həyata keçirilir, akt tərtib edildikdən 10 gün müddətində qərar qəbul edilir. Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə pasport verilir. Həmin pasport mədəni sərvətin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir.

Dövlət Siyahısı kağız üzərində yazılı formada və elektron qaydada tərtib edilir.

Azərbaycan Respublikasının mədəni sərvətlərinin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir. Siyahıya daxil edilən mədəni sərvətlərlə bağlı məlumatlar nazirlik tərəfindən rəsmi internet səhifəsində dərc edilməlidir və ictimaiyyət üçün açıq olmalıdır.

Aşağıdakı hallarda mədəni sərvətlərlə əlaqədar ekspertiza həyata keçirilir:

- mədəni sərvət Dövlət Siyahısına daxil edilərkən;

- mədəni sərvət mühafizə siyahısına daxil edilərkən.

- Mədəni sərvətlərin ekspertizası nazirlik və ya idarə tərəfindən həyata keçirilir.

- ekspertizanın nəticələri nazirlik, habelə idarə tərəfindən müvafiq qərarların qəbul edilməsi üçün əsas sayılır.

Son xəbərlər

Orphus sistemi