Konstitusiya Məhkəməsinin sədri Batumidə beynəlxalq konfransa qatılıb

Konstitusiya Məhkəməsinin sədri Batumidə beynəlxalq konfransa qatılıb Səfər çərçivəsində görüşlər keçirilib, son illər ərzində qəbul edilmiş qərarlar ətrafında fikir mübadiləsi aparılıb
Daxili siyasət
3 İyul , 2017 18:19
Konstitusiya Məhkəməsinin sədri Batumidə beynəlxalq konfransa qatılıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Konstitusiya Məhkəmələrinin Konfransı (AKMK) Təşkilatına sədrlik edən Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Z.Tavadzenin dəvəti ilə AKMK-nın XVII Konqresində iştirak etmək üçün Batumidə səfərdə olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, AKMK Təşkilatının ev sahibi üç ildən bir keçirilən Konqresdə seçilir. 2014-2017-ci illər üzrə Təşkilata sədrlik etmək üçün Gürcüstan Respublikası Konstitusiya Məhkəməsi seçilib.

Batumidə keçirilmiş XVII Konqresin açılışında Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxış edərək beynəlxalq tədbirin iştirakçılarını salamlayıb. Açılış mərasimində, həmçinin Gürcüstanın Baş naziri, parlament sədri və digər dövlət orqanlarının rəhbərləri iştirak ediblər.

Daha sonra Konqresdə konstitusiya ədalət mühakiməsinin bir sıra hüquqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqresin praktiki hissəsinin mövzusu “Konstitusiya prinsiplərinə riayət edilməsində və yayılmasında Konstitusiya məhkəmələrinin rolu”na həsr edilib. Həmin mövzu ilə bağlı AKMK-ya tamhüquqlu üzv olan 41 ölkənin, o cümlədən Azərbaycan Respublikasının konstitusiya nəzarəti orqanlarının təqdim etdikləri milli məruzələrin ümumiləşdirilmiş icmalı səsləndirilib. Aparılmış fikir mübadiləsi çərçivəsində Konstitusiya məhkəmələrinin Konstitusiyada təsbit edilmiş prinsiplərin aliliyinin təmin edilməsi sahəsində müvafiq dövlət orqanlarının sorğu və müraciətləri, habelə vətəndaşların şikayətləri əsasında qəbul edilmiş son qərarlarında əks olunmuş hüquqi mövqeləri diqqət mərkəzində olub.

Konqresin yekununda səs çoxluğu ilə qəbul edilmiş qərara əsasən, növbəti üç il ərzində Təşkilata sədrlik Çexiya Respublikası Konstitusiya Məhkəməsinə keçib.

Səfər çərçivəsində, həmçinin Gürcüstan, Türkiyə, Rusiya, Moldova, Belarus, Serbiya, Slovakiya və digər ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirilib, son illər ərzində qəbul edilmiş qərarlar ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və ölkəmizin Batumidəki baş konsulluğunun nümayəndəsi tədbirlərdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi