Yuxarı
    Bağlamaq

    Keçən il Ombudsmanın ünvanına prokurorluq orqanları ilə bağlı 872 müraciət daxil olub

    49 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

    Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda prokurorluq orqanları ilə bağlı 2016-cı ildə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına 872 müraciət daxil olub. Müraciətlərdə, əsasən, istintaqın qeyri-obyektiv aparılması, müraciətlərə cavab verilməməsi, istintaqın gedişi barədə vətəndaşın məlumatlandırılmaması kimi hallar qeyd edilib.

    "Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsində əksini tapıb.

    Məruzədə qeyd edilib ki, həmin müraciətlər üzrə prokurorluq orqanlarına sorğular göndərilib, məsələlərin həlli məqsədilə təkliflər verilib, bir çox müraciətlər Baş Prokurorluqla qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılıb, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülüb. Bununla yanaşı, 2016-cı ildə Müvəkkil tərəfindən Baş Prokurorluğa göndərilmiş müraciətlərdən 33-nün Respublika Hərbi Prokurorluğuna nəzarətlə göndərilməsi həmin müraciətlərə və insan hüquqlarının müdafiəsinə diqqətin göstəricisidir.

    Bəzi hallarda toplanmış materialda cinayət tərkibinin olmaması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyi yoxlanılmış, tam və hərtərəfli araşdırma aparılmadığı müəyyən edildikdə həmin qərarlar ləğv edilərək, əlavə araşıdırma aparılması barədə istintaqa prosessual rəhbərliyi həyata keçirən yerli prokurorluqlar tərəfindən daxili işlər orqanlarının istintaq orqanlarına göstərişlər verilib.

    Məhz ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə nəzarətin gücləndirilməsi cinayət-prosessual qanunvericiliyin pozulması hallarının qarşısını almaqla bərabər, cinayət təqibinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının daha səmərəli təmininə şərait yaradır.

    Qeyd edilənlərlə yanaşı, 2016-cı ildə Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiiklərinə görə 49 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

    Hərbi Prokurorluq tərəfindən Müvəkkilə verilən rəsmi məlumatda isə bildirilib ki, 2016-cı ildə ibtidai araşdırması aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə vətəndaşların müraciətləri, hərbi məhkəmələr tərəfindən çıxarılan xüsusi qərarlar, respublika hərbi prokurorluğunun idarə və şöbələrinin arayışları və ərazi hərbi prokurorlarının məlumatları əsasında aparılmış 23 xidməti yoxlamanın nəticələrinə görə xidməti fəaliyyətlərində qanun pozuntusuna və nöqsanlara yol vermiş 9 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

    Qeyd edək ki, İllik Məruzə Milli Məclisə təqdim olunub, sənəd parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi