Keçən il Azərbaycanda 14 min ha-dan çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.
Məruzədə bildirilib ki, ötən il Azərbaycanda 14 091 ha torpaq sahəsinin icarəyə, 193 ha torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 14 284 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.
Qeyd olunub ki, 323 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır: “Ümumi istifadə üçün nəzərdə tutulan örüş sahələrinin qanunsuz icarəyə və ya mülkiyyətə ayılması, zəbt olunması vətəndaşların çoxsaylı şikayətlərinə səbəb olur. Bu pozuntuların aradan qaldırılması, ümumi istifadədə olan örüş torpaqlarının qanunvericiliyin tələblərinə uyğun istifadəsinin təmini məqsədilə görülmüş tədbirlər nəticəsində nazirliyin təklifləri əsasında qanunsuz ayrılmış 8 405 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb”.