Yuxarı
    Bağlamaq

    Kamal Abdullayev: "Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır"

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib

    Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib.

    Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb: “Bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Bu gün Azərbaycanın vətəndaşları, Azərbaycanın dünyadakı dostları mənən, qəlbən Xocalıdan sayıla bilərlər".

    O bildirib ki, bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur: "Xocalı qətliamı Azərbaycanda yaşayan çoxsaylı etnik və dini icmaların nümayəndələrinin, burada əsrlərdir məskunlaşan böyüklü- kiçikli xalqların da faciəsidir".

    BBMM-nin icraçı direktoru Azad Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.

    Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayıb, özünün də faciənin canlı şahidi olduğunu qeyd edib.

    BBMM-in Moldova filialının rəhbəri Aurelio Qriqoriu, BBMM-in İsrail filialının sədri Arye Qut, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata, professorlar Solmaz Tovhidi, İmamverdi Həmidov və başqaları çıxışlarında Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını qeyd ediblər, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndiriblər.

    Azərbaycanda yaşayan yunan, ingiloy, avar, tatar, kürd, ləzgi icmalarının, eləcə də xristian və yəhudi icmalarının nümayəndələri, müxtəlif rəsmi qurumların rəhbərləri və alimlərin iştirak etdiyi tədbirdə soyqırım şahidlərinin ağrılı xatirələri dinlənilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi