Yuxarı

Kamal Abdullayev: “Bir sıra Qərb ölkələri multikulturalizm siyasətindən imtina edirlər"

Çox güman ki, bu, siyasi bəhanədir

Bakı. 7 may. REPORT.AZ/ “Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmalıdır”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycan müasir dünyada” konfransındakı çıxışında deyib.

O qeyd edib ki, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britianiya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər: “Çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qazandırmaq cəhdidir. Bunun fonunda təzahür edən, inkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyırlar. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin banisinin arzularından biri də bu idi”.

K.Abdullayev bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri böyükdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi