Yuxarı

​IV Qlobal Bakı Forumunun iştirakçılarına ziyafət verilib

Ziyafət Azərbaycan Prezidenti İlham Əliyevin adından təşkil olunub

Bakı. 10 mart. REPORT.AZ/ Martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyevanın iştirak etdiyi ziyafətdə Bolqarıstan, Albaniya, Makedoniyan, Monteneqro, Gürcüstan, Bosniya və Herseqovina prezidentləri, bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa prezident İlham Əliyevə dünyanı narahat edən aktual məsələlərin müzakirəsinə yüksək səviyyədə şərait yaratdığına və beynəlxalq dialoqa güclü dəstək verdiyinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dəstək verdiyini diqqətə çatdırıb. Vayra Vike-Freyberqa artıq dördüncü dəfədir keçirilən Forumun əhəmiyyətindən danışıb və onun davamlı olacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev ölkəmizin ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü çatdırıb, Vayra Vike-Freyberqanın hakimiyyəti illərində özünün Latviyaya, onun isə Azərbaycana səfərlərini xatırladıb. Artıq dördüncü dəfədir keçirilən Qlobal Forumda bir çox ölkələrin nümayəndələrinin, görkəmli şəxsiyyətlərin, fəaliyyətdə olan və sabiq ölkə rəhbərlərinin, beynəlxalq münasibətlərdə mühüm rol oynayan və oynamağa davam edən insanların iştirak etdiyini deyən dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hazırda qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli ilə məşğul olan dünyanın ən hörmətli beynəlxalq təşkilatlarından birinə çevrildiyini vurğulayıb.

“Mərkəzin Azərbaycanın dahi oğlu Nizami Gəncəvinin adını daşıması bizi fərəhləndirir. Hər bir azərbaycanlı onunla qürur hissi duyur”, - deyən İlham Əliyev bu Mərkəzin Nizaminin fikirlərini dünyanın müxtəlif yerlərində olan insanlara çatdırmaq baxımından mühüm funksiyanı yerinə yetirdiyini bildirib. Forum çərçivəsində aparılan müzakirələrin səmərəli olduğunu deyən dövlət başçısı dünyada mövcud olan təhdidlərin yalnız birgə səylərlə aradan qaldırılmasının mümkünlüyündən danışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi