​Müsavat başqanının müavini: "Ellada Məmmədliyə xatırlatdıq ki, Müsavata qarşı fəaliyyətini dayandırmalıdır"

​Müsavat başqanının müavini: "Ellada Məmmədliyə xatırlatdıq ki, Müsavata qarşı fəaliyyətini dayandırmalıdır" "Qubad İbadoğlunun növbəti iclasda iştirak edib-etməməsindən asılı olmayaraq Nizamnamə qərarı qəbul ediləcək"
Daxili siyasət
3 Fevral , 2015 10:52
​Müsavat başqanının müavini: Ellada Məmmədliyə xatırlatdıq ki, Müsavata qarşı fəaliyyətini dayandırmalıdır

Bakı. 3 fevral. REPORT.AZ/ "Ellada Məmmədlinin son dövrdəki fəaliyyətini müzakirə etmək üçün Divanın iclasına çağırmışdıq. O, Müsavata qarşı olan fəaliyyəti haqqında eşitdiyi suallardan narahat olduğu üçün prosesi "məhkəmə" adlandırır. Onun bu cür davranış sərgiləməsi yaxşı hal deyil".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanının müavini Elman Fəttah deyib. O bildirib ki, Ellada Məmmədlinin Müsavata qarşı olan fəaliyyətinə Azərbaycan Demokratiya və Rifah Hərəkatındakı fəaliyyəti də daxildir: "Dəfələrlə ictimaiyyətə bəyan etmişik ki, "Demokratik Rifah" adlandırdıqları hərəkat yaradılma səbəbindən tutmuş, fəaliyyətinə qədər birmənalı şəkildə Müsavat Partiyasına qarşıdır. Ellada Məmmədli Müsavat Qadınlar Birliyinin sədri kimi bu cür sualları da eşitməli idi. Biz ona xatırlatdıq ki, Müsavata qarşı olan fəaliyyətini dayandırmalıdır. O, soruşulan bəzi məsələləri təkzib etdi, Müsavat Partiyasından çıxmaq istəmədiyini bildirdi".

E.Fəttah qeyd edib ki, E.Məmmədliyə mümkün olan ən yüngül cəza tətbiq olunub, yəni, xəbərdarlıq edilib: "Partiya Nizamnaməsinə görə pozuntuya yol vermiş şəxsə cəza kimi əvvəlcə xəbərdarlıq, töhmət elan edilir, sonra isə partiyadan xaric olunur. Biz Ellada xanıma xəbərdarlıq etdik. Bu, ona verilmiş şansdır. O, bu şansı dəyərləndirməyəcəksə, məsələ yenidən gündəmə gələcək".

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun məsələsinə gəlincə isə E.Fəttah deyib ki, ona iclasa üzrsüz səbəbdən qatılmaması və bu hərəkətinin Divana qarşı sayğısızlıq olması səbəbindən şifahi xəbərdarlıq olunub: "Qubad İbadoğlu sonuncu dəfə növbəti Divan iclasına dəvət olunub. İştirak edib-etməməsindən asılı olmayaraq, haqqında müzakirə yekunlaşacaq və Nizamnamə qərarı qəbul ediləcək. Qərarı onun özünün iştirakı ilə qəbul etməkdə israrlı olduğumuz üçün haqqında müzakirənin davamını növbəti iclasa saxladıq".

Son xəbərlər

Orphus sistemi