“Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyev”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Madər Musayev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub: “Ötən müddət ərzində Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmlənib, ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrilib. Hesab edirəm ki, bu fəaliyyətin təməlində xalqa bağlılıq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının cəmiyyətdə daha da bərqərar olması kimi strateji amil dayanıb. Prezident İlham Əliyev hər zaman çalışır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk etsinlər və qorusunlar, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi ənənələrini, tarixini yaşatsınlar, inkişaf etdirsinlər. Bu da bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından ən mühüm şərtlərdən biridir".

M.Musayev deyib ki, İlham Əliyevi xalqın sevimlisinə çevirən amillər sırasında təbii ki, onun tariximizə, şanlı keçmişimizə, müstəqilliyimizin simvolu olan dövlət atributlarına hörmət və ehtiram da xüsusi yer tutur: "Məhz onun bu sahədə həyata keçirdiyi fəaliyyət konsepsiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi üçün strateji xətdir. Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi də gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı - Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Çünki Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir”.

M.Musayev vurğulayıb ki, Prezident İlham Əliyev həm də praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir: “Biz 30 ilə yaxın idi ki, həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Deyirdik ki, gün o gün olsun torpaqlarımızı erməni üzdəniraqlarından, vəhşilərindən, şərəfsizlərindən azad edək. Ancaq indi Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində biz bu gün həmin torpaqları erməni üzdəniraqlarından, alçaqlarından geri almışıq. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Həmçinin, bütün dünya Azərbaycan dövlətinin ədalətli mübarizəsinin bir daha şahidi oldu. Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 17 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev də həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq”.