İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib

İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növb
Daxili siyasət
117
14 Sentyabr , 2021 16:35
İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlərin müzakirə edildiyi iclasda İşçi Qrupunun ötən görüşlərində qəbul edilmiş qərarların icrası ilə bağlı həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrə nəzər salınıb. Müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən təqdim edilən məlumatlar dinlənilib. Elektrik enerjisi infrastrukturunun qurulması və müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi məsələləri nəzərdən keçirilib.

Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair görülən işlərlə bağlı aparılmış monitorinqin nəticələri barədə məlumat verilib, tikintisi davam etdirilən istilik qazanxanaları, məhəllədaxili istilik xətlər, həmçinin elektrik yarımstansiyaları ilə bağlı görülən tədbirlər haqqında təqdimat diqqətə çatdırılıb.

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi ilə əlaqədar cari vəziyyət və növbəti addımlar müzakirə edilib.

Cari ilin oktyabrında Bakıda təşkil olunacaq “Rebuild Karabakh” - “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirakla bağlı müzakirələr aparılıb, Qarabağda “yaşıl enerji” zonasının yaradılması üzrə quraşdırılacaq stendin Qarabağ bölgəsinin sürətli bərpası və xarici investorların cəlb edilməsi üçün əlverişli imkanlar yaratmasının əhəmiyyətindən bəhs edilib. Sərgidə iştirakla bağlı təşkilati və dizayn məsələlərinin həlli məqsədilə Energetika Nazirliyinin müvafiq Əmri ilə yaradılmış İşçi Qrupu tərəfindən hazırlanmış təkliflər təqdim edilib.

İclasda işğaldan azad olunmuş ərazilərin ümumi planı barədə məruzələr dinlənilib. İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, həyata keçiriləcək tədbirlərin aidiyyəti qurumlarla davamlı müzakirə edilməsi tövsiyə edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi