Yuxarı

İstiqlalçı deputatlar dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar tədbir keçirib

Biz Türkiyəyə minnətdar olmalıyıq ki, təhdidlərə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyini tanıdı

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda istiqlalçı deputatlar Azərbaycanın dövlətlinin milli müstəqilliyinin 25 illiyi ilə əlaqədar tədbir keçirib.

"Report"un xəbərinə görə, tədbirdə istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov çıxış edərək deyib ki, Azərbaycanın dövlət müstəqilliyi mübarizə sayəsində qazanılıb.

Onun sözlərinə görə, 1990-cı illin yanvarın 20-də Azərbaycanın oğul və qızları canlarını müstəqillik yolunda qurban veriblər: "Azərbaycan xalqının müstəqil olmaq səyinin qarşısını heç bir qüvvə ala bilməzdi, ala bilmədi də... Azərbaycan xalqı müstəqillik qazanmaqla böyük sərvətə yiyələndi. Müstəqil olmaq hər bir xalqın arzusudur. Müstəqillik böyük nemətdir".

Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov deyib ki, 18 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

O bildirib ki, Azərbaycan xalqı müstəqilliyi asanlıqla qazanmayıb: "Ölkəmiz müstəqillik yolunda xeyli itki verib, xalq mübarizə aparıb. 1988-ci ildə başlayan xalq hərəkatı sonralar milli azadlıq hərəkatına çevrildi. Mübarizə nəticəsində 1991-ci ildə Azərbaycan müstəqil oldu. Biz Türkiyəyə minnətdar olmalıyıq ki, təhdidlərə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyini tanıdı".

Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında bildirib ki, 18 oktyabr - müstəqillik aktının qəbul olunması günü Azərbaycan xalqının mübarizəsinin nəticəsidir: "1988-ci ildən başlayaraq Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Əbülfəz Elçibəyin rəhbərliyi altında xalq hərəkatı sistemləşdi, sovet imperiyasını qorxuya salırdı. Artıq Azərbaycan müstəqillik əldə edib, inanıram ki, xalqımız bu bayramı əsrlər boyu qeyd edəcəklər".

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, Azərbaycan istiqlalının qəhrəmanı xalqdır, onun bu yolda verdiyi şəhidlərdir. KXCP sədri qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü də bərpa edilməlidir.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müstəqilliyin böyük hadisə olduğunu vurğulayıb. O bildirib ki, 1990-cı il 20 yanvar hadisələri sovet imperiyasının dağılmasının qarşısını almağa hesablanıb: "Əksinə, bu hadisələr sovet imperiyasının dağılmasını sürətləndirdi. Azərbaycan xalqının müstəqilliyinin qarşısını ala Rusiya idi. Tarixən belə olub".

Tədbirin digər iştirakçıları da müstəqilliyin tarixindən danışıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi