​İsmayıl Yusifovun ADR İdarə Heyətindən istefa verməsinin səbəbləri açıqlanıb

​İsmayıl Yusifovun ADR İdarə Heyətindən istefa verməsinin səbəbləri açıqlanıb Ellada Məmmədli: "O bu il keçiriləcək parlament seçkilərinə Milli Şuranın namizədi kimi qatılmaq istəyib"
Daxili siyasət
24 Avqust , 2015 16:42
​İsmayıl Yusifovun ADR İdarə Heyətindən istefa verməsinin səbəbləri açıqlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının daxilində (KXCP) yaradılan "Demokratik Birlik" Fraksiyasının üzvü İsmayıl Yusifov Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətindən istefa verməsinin səbəblərini açıqlayıb.

İ.Yusifov "Report"a açıqlamasında bildirib ki, istefasına səbəb ADR İdarə Heyətinin bir qrup üzvünün Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciətidir. O qeyd edib ki, İdarə Heyətinin üzvlərinin bu cür addım atması yanlışdır: "Bu, müxalifət düşərgəsində xoşagəlməz vəziyyət yaradır. Yəni Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının münasibətləri normallaşmalıdır. Buna görə istefa verdim. Bu barədə rəhbərliyə məlumat verməmişəm".

O, istefaya səbəb kimi həmçinin işlərinin çoxluğunu da əsas gətirib: "Klassik Xalq Cəbhəsi Partiyasının qurultayında sədr Mirmahmud Mirəlioğlu bildirdi ki, növbəti qurultayda partiya sədrliyinə namizəd olmayacaq. Yəni partiya rəhbərliyində gəncləşmə gedəcək. Buna görə də vaxtımın çox hissəsinin KXCP-yə ayrılmasını məqsədəuyğun hesab etdim. Növbəti mərhələdə mən və "Demokratik Birlik" Fraksiyası partiya ilə bağlı planlarımızı həyata keçirəcəyik".

ADR-in sədr müavini Ellada Məmmədli isə "Report"a açıqlamasında İ.Yusifovun dediklərini "əsassız" adlandırıb: "Onun dedikləri yanlışdır. Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə Azərbaycan Demokratiya və Rifah Hərəkatı müraciət etməyib. Nazirliyə illərini Müsavata həsr etmiş bir qrup partiya üzvü müraciət edib. İsmayıl Yusifov özü qanunsuz olaraq, KXCP-dən uzaqlaşdırılarsa, necə addım atar? Görəsən, o hüquqlarının bərpası üçün mübarizə aparacaqmı? Biz Müsavat Partiyasından qanunsuz çıxarıldığımız üçün Ədliyyə Nazirliyinə müraciət etmişik".

E.Məmmədli İ.Yusifovun istefasının bəzi detallarını da açıqlayıb: "O, ADR İdarə Heyətində onsuz da aktiv deyildi. Bir neçə dəfə toplantıya dəvət edilib, amma o, səhhətində problem yarandığını bəhanə edərək iclaslara qatılmayıb. Bizdə olan məlumata görə, İsmayıl Yusifov bu il parlament seçkisinə Milli Şuranın namizədi kimi qatılmaq istəyib. Lakin ona bildirilib ki, ADR-in üzvü olduğuna görə Milli Şuranın siyahısına salına bilməz. Buna görə də o, Hərəkatdan istefa verib. Onu da qeyd edim ki, İsmayıl Yusifov istefa verməsi ilə bağlı bizə rəsmi qaydada müraciət etməyib".

Son xəbərlər

Orphus sistemi