Adil Əliyev: "Biz İsa Əzizovun əməllərinə cavabdeh deyilik"

Adil Əliyev: "Biz İsa Əzizovun əməllərinə cavabdeh deyilik" "İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək"
Daxili siyasət
27 Yanvar , 2016 17:31
Adil Əliyev: Biz İsa Əzizovun əməllərinə cavabdeh deyilik

Bakı. 27 yanvar. REPORT.AZ/ "Cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir. Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqlərini ön plana çəkirlər".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.

O bildirib ki, İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur: "Bəzi saytlarda yazıblar ki, guya adıçəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyəti yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növüylə məşğul olması haqqında da məlumatım yoxdur. Bir də ki, Kikboksinq Federasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə qarşı güc nümayiş etdirmək olmaz, əks halda qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar, federasiyamızın idmançıları heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlardan biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır. Mən düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq. Bu, həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb: "Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar".

Son xəbərlər

Orphus sistemi