İntiqam Babayev: "Gənc sahibkarlara dəstək məqsədilə əlavə tədbirlər görülür"

İntiqam Babayev: "Gənc sahibkarlara dəstək məqsədilə əlavə tədbirlər görülür" "Təkliflərimizi hazırlayaraq geniş ictimaiyyətə təqdim edəcəyik"
Daxili siyasət
1 Fevral , 2016 12:27
İntiqam Babayev: Gənc sahibkarlara dəstək məqsədilə əlavə tədbirlər görülür

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Gənclər və idman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın "Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda növbəti iclası keçirilib. "Report"un məlumatına görə, tədbir 2 fevral - Gənclər günü münasibətilə təşkil olunub.

"Gənclər və İdman Nazirliyi yarandığı gündən nazirlik yanında Gənclərlə İş üzrə İctimai Şura Fəaliyyət göstərir. Bu şurada ölkədəki mövcud gənclər təşkilatları təmsil olunub". "Report"un məlumatına görə, bunu Şuranın "Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda növbəti iclasından öncə jurnalistlərə açıqlamasında nazir müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu günədək ictimai qurumda müxtəlif maraqlı mövzular dəfələrlə müzakirəyə çıxarılıb: "Təkcə sırf gənclər siyasəti ilə bağlı məsələlər deyil, məsələn, vaxtilə ilk Milli Konstitusiya layihəsi müzakirəyə çıxarılanda Şurada da müzakirəsi keçirilib, gənclər təkliflərini veriblər. İctimai-siyasi sahələrlə bağlı digər məqamlarla bağlı daimi iclaslar keçirilir. Eyni zamanda İctimai Şuranın iclaslarında növbəti mərhələlər üçün Gənclər təşkilatlarının nümayəndələri ilə fikir mübadiləsi aparır, məsələlər müzakirəyə çıxarırıq ki, onların ideya, təşəbbüs və təklifləri əsasında növbəti mərhələdə hansı işləri görəcəyik".

Nazirlik rəsmisinin sözlərinə görə, 2 fevral - Gənclər günü ərəfəsində İctimai Şuranın növbəti iclası mütləq keçirilir. Onun sözlərinə görə, bugünkü iclasda ötən il Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş "Azərbaycan gənclərinin inkişaf strategiyası" ətrafında çox geniş müzakirələr və strategiyadan irəli gələn vəzifələrin icrasında gənclər təşkilatlarının təklifləri, layihələr, həmçinin dövrün tələbinə uyğun olaraq, işin qurulması mexanizmlərinin təkmilləşdirilməsi yönündə fikir mübadiləsi aparılacaq. Ənənəyə uyğun olaraq, keçən il ərzində maraqlı, uğurlu layihələri olan gənclər təşkilatları nazirliyin fəxri diplomları ilə mükafatlandırılacaqlar.

Yaxın illərdə Azərbaycanın yeni iqtisadi modelinin hazırlanmasında gəncliyin roluna gəldikdə, İ.Babayev deyib ki, bu günlərdə Prezident İlham Əliyevlə görüşdə gənclərin fikirləri dinlənilib: "Prezidentin müvafiq tapşırıqları var ki, verilən təkliflər əsasında cəlb etdiyimiz gənclərlə birgə təkliflərimizi hazırlayaq. Söhbət gənclərin sahibkarlıq fəaliyyətinin daha da təşviq edilməsi və gənc sahibkarlara dəstək olaraq, əlavə tədbirlərin görülməsindən gedir. Düşünürəm ki, yaxın zamanlarda cənab prezidentin tapşırığına müvafiq olaraq, təkliflərimizi hazırlayacaq və aidiyyəti dövlət qurumları ilə razılaşdırmadan sonra geniş ictimaiyyətə təqdim edəcəyik".

Son xəbərlər

Orphus sistemi