​İlham Əliyev: Süni şəkildə qiymət artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək

​İlham Əliyev: Süni şəkildə qiymət artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək Azərbaycan prezidenti manatın məzənnəsinin aşağı salınmasına münasibət bildirib
Daxili siyasət
24 Fevral , 2015 22:59
​İlham Əliyev: Süni şəkildə qiymət artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

"Report" xəbər verir ki, dövlət başçısı xəstəxana personalı qarşısında çıxışı zamanı manatın məzənnəsinin aşağı salınması ilə bağlı bəzi məqamlara da aydınlıq gətirib.

"İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ölkədə gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir.

Ancaq, eyni zamanda regionda gedən proseslər bizə də istər-istəməz təsir göstərir. Və son aylar ərzində, son bir ildə MDB məkanında, bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib.

Əsas məsələ ondan ibarət idi ki, biz Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, ölkədə sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı həm Yaxın Şərqdə, həm Avropada, həm də MDB məkanında baş verən xoşagəlməz hadisələrin Azərbaycanda gedən işlərə mənfi təsir etmədiyini bildirib.

Onun sözlərinə görə, "çünki biz artıq özümüzü müdafiə etməyə, öz seçimimizi müdafiə etməyə qadirik. Lakin bölgədə iqtisadi sahədə gedən xoşagəlməz proseslər əlbəttə ki, bizə də təsir göstərib".

"Bir neçə gün öncə manatın məzənnəsində dəyişiklik edilib. Qeyd edim ki, biz 2006-cı ildə pul islatahları həyata keçirdik. Buna 2005-ci ildə qərar verilmişdi. 2006-cı ilin əvvəlində bizim pul islahatlarımız artıq başa çatmışdı. O vaxta qədər, 1 dollar 5000 manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik. 1 dollar 1 manat oldu. Və 10 il ərzində manat dollara nisbətdə getdikcə gücləndi. Əslində bu bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərir. Ancaq, eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması, istər-istəməz bizə də mənfi təsir göstərməyə başlayıb. Üstəgəl dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, bizim gəlirlərimizə də mənfi təsir göstərib. Və eyni zamanda manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərir. Ona görə də, qərar qəbul edilib ki, manat bir qədər ucuzlaşsın.

Bu barədə yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda mən açıq şəkildə öz fikrimi bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar ki, bu heç kim üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb. Bu iqtisadiyyatımıza mənfi təsir göstərir. Və regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu birinci siqnal idi. Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki, ilin sonuna qədər tədricən manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq, ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu, kütləvi şəkildə dollar almağa başladı. Lakin bu vəziyyətdən bəzi möhtəkir və natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etdilər.

Belə olan halda bizim - Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başladı. Sadəcə bir rəqəm deyə bilərəm ki, bir neçə gün ərzində hər gün bazardan ən azı 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin sonuna kimi Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Bu təqdirdə qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəsinə endi. Yəni islahat başlayanda bir manat 1 dollar idisə, indi də 1 manat təxminən 1 dollardır".

İlham Əliyevin sözlərinə görə, bütün müvafiq qurumlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin, monitorinq aparılır və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək:

"Son illər ərzində, ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir. Bu halda məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim süni şəkildə qiymətləri artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Və ümumiyyətlə, kompleks tədbirlər çərçivəsində Azərbaycanda bundan sonra uğurlu iqtisadi inkişaf prosesi gedəcək. İqtisadiyyat sabitdir. İctimai-siyasi vəziyyət möhkəmdir. Manatın dollara bərabərləşdirilməsi sosial məsələlərə daha çox vəsaitin xərclənməsi, büdcədə problemin olmaması və ölkə üçün lazım olan bütün infrastruktur layihələrinin vaxtında icra edilməsinə imkan verəcək".

Son xəbərlər

Orphus sistemi