​İlham Əliyev: Maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir

​İlham Əliyev: Maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir "Bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur"
Daxili siyasət
20 May , 2015 23:05
​İlham Əliyev: Maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir

Bakı. 20 may. REPORT.AZ/ "Bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir, Oyunlardan sonra təmir olunar".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.

Dövlət başçısı binaların fasad üzlüklərinin sökülməsinin qarşıdan gələn Avropa Oyunları ilə heç bir əlaqəsinin olmadığını bildirib:

"Bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur. Söküb bərpa etməmək də olar. Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir.

Heç nədir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Hər bir binadan. O materiallar təhlil edilməlidir, əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir. Dərhal! Bunu tez bir zamanda etmək olar. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir, Oyunlardan sonra təmir olunar. Əsas məsələ budur. Yəni, biz burada heç bir başqa amili nəzərə almamalıyıq".

Daha sonra dövlət başçısı bildirib ki, "Bakı Şəhər İcra Hakimiyyəti, mən dünən göstəriş vermişəm, sakinlərin bütün problemləri həll edilməlidir, maddi təminat, yerləşmə, dəfn mərasimi - hər şey təşkil edilməlidir".

"Bir daha deyirəm ki, Nazirlər Kabineti həm həlak olanların ailələrinə, həm də yaralananlara veriləcək maddi köməyin həcmini tezliklə müəyyən etsin. Təklif versin ki, burada yubanma olmasın, bu işlər çox vaxt aparmasın. O vaxta qədər şəhər icra hakimiyyəti qalan bütün məsələləri öz üzərinə götürür.

Burada məsələ belə olmalıdır. Birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir. Bu, evin, mənzilin sahəsinə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir, onun məbləği müəyyən edilməlidir. Yanmış bütün mənzillərin ev əşyaları – mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Bütün siyahılar yəqin ki, var. Eyni zamanda, evlərdə insanların sənədləri də yanıb. O da bərpa edilməlidir. Yəni, Daxili İşlər Nazirliyi, “ASAN xidmət”, digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi