Yuxarı

​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirminci cildi çapdan çıxıb

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin oktyabrından noyabrınadək olan dövrü əhatə edir

Bakı. 4 aprel. REPORT.AZ/ “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirminci cildi çapdan çıxıb. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin oktyabrından noyabrınadək olan dövrü əhatə edir.

Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviyaya dövlət səfərinə dair materiallarla başlanır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlət başçısının regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Quba, Şəki, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarına, Gəncə şəhərinə səfərləri ilə bağlı materiallar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, respublikamızın sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri, bəyanatları və s. öz əksini tapıb.

Kitabda Prezident İlham Əliyevin Latviyaya, Belarusa, Belçikaya rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, dövlətlər arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsindən bəhs edən materiallar dərc olunub, eyni zamanda, Bakıda səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku ilə keçirdiyi görüşlərə, danışıqlara dair yazılar toplanıb.

Bu cilddə, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycana gəlmiş çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, bəyanatları, Rusiyada akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional proseslər, ölkənin xarici siyasəti və digər məsələlərlə bağlı müsahibələri yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılmış iyirminci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi