Yuxarı

​İlham Əliyev: Ermənistanda kütləvi köç baş alıb gedir

Hər il təxminən 70-80 min vətəndaş Ermənistanı həmişəlik tərk edir

Bakı. 27 may. REPORT.AZ/ "Ermənistanda əhali azalır. Həm təbii azalma, həm də ki, kütləvi köç baş alıb gedir".

"Report”un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında deyib.

"Azərbaycanda çox müsbət demoqrafik dinamika var, əhalimizin sayı artır. Artıq 9 milyon 600 mindir. Ermənistanda isə əhali azalır. Həm təbii azalma, həm də ki, kütləvi köç baş alıb gedir. Onların rəsmi statistikasına görə, hər il təxminən 70-80 min vətəndaş Ermənistanı həmişəlik tərk edir. Hesab edirəm ki, real statistika bundan daha böyükdür", - deyə prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, ona görə, bu güclər nisbəti göz qabağındadır və münaqişə ancaq ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.

İlham Əliyev bildirib ki, Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək.

"Azərbaycanın ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir. Bunu hamı bilməlidir. Məsələ ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq. Bu yaxınlarda orada separatçı rejim və Ermənistan tərəfindən keçirilmiş saxta və qanunsuz “seçkilər” bir daha onu göstərdi ki, heç kim bunu tanımayıb və ölkələrin bir çoxu bu “seçkilər”i qınayıb".

Prezident ordu quruculuğu prosesinə də toxunub:

"Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim diplomatik sahədə apardığımız səylərə böyük dəstəkdir. Son vaxtlar, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh yarana bilər, ondan sonra Azərbaycan və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə görürük. Biz hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi