Yuxarı

​İlham Əliyev: "Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır"

Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun

"Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır".

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlət başçsının sözlərinə görə, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır: "Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparırlar. Bu yaxınlarda Rusiya Prezidenti və Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər.

Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilmişdir. Görüşlər onu göstərir ki, Amerika tərəfi münaqişənin tezliklə həll olunması üçün çox maraqlıdır. Bilirəm ki, Ermənistan rəhbərinə də müəyyən siqnallar, mesajlar verilmişdir. Yəni, son vaxtlar həmsədrlər, onların dövlətlərinin başçıları çalışırlar ki, məsələ həll olunsun. Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın.

Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan ordusu bu gün çox böyük zərbə alıb: "Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun.

Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.

Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi