Yuxarı
    Bağlamaq

    İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir və icrasına vaxtında nail olacağıq”

    Dövlət başçısı: “Biz bu layihənin əsas hissəsi olan TANAP-ın gələn il istifadəyə verilməsini qeyd etməliyik və əminəm ki, buna nail olacağıq”

    Bakı. 18 may. REPORT.AZ/ “Digər perspektivli layihələrimiz də gündəlikdədir. “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər”. 

    “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.

    Dövlət başçısı bildirib ki, vaxtilə kontrakt imzalanmışdı, sonra ona xitam verildi: “Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni, bütün bu işləri biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin. O ki qaldı, icra edilmiş neft layihələrinə, indi onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına vaxtında nail olacağıq. Biz bu layihənin əsas hissəsi olan TANAP-ın gələn il istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq.

    Mən bu gün, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığımızı da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam təməl üzərində qurulubdur. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.

    Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi