Yuxarı

​İlham Əliyev: "Azərbaycanda hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz"

Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır

Bakı. 10 aprel. REPORT.AZ/ "Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir".

"Report" xəbər verir ki, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.

Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir.

Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır.

Eyni zamanda, mən ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm – Davosda və Münxendə. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı. O da sirr deyil ki, bu tədbirlərə məhdud sayda qonaqlar dəvət edilir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Bu barədə mən öz fikirlərimi dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən qısa da olsa çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir.

Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.

Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq. Azərbaycan əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna baxmayaraq,Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi- Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar.

Əlbəttə ki, heç kim buna, bu tezisə ciddi yanaşmırdı. Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş etdirir. Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun.

Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər.

Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq.

Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir. Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu, məsələnin həlli üçün az əhəmiyyət daşımır.

Bir sözlə, biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik. Münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa bilməz", - dövlət başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi