​Qubad İbadoğlu: "Müsavat rəhbərliyi partiyanın imicinə zərbə vurur"

​Qubad İbadoğlu: "Müsavat rəhbərliyi partiyanın imicinə zərbə vurur" "Bizə şər atan, müəyyən qüvvələrə bağlayan adamlar barəsində heç bir tədbir görülmür"
Daxili siyasət
27 Yanvar , 2015 14:01
​Qubad İbadoğlu: Müsavat rəhbərliyi partiyanın imicinə zərbə vurur

Bakı. 27 yanvar. REPORT.AZ/ "Məni fevralın 2-də Müsavat Divanının növbəti toplantısına dəvət ediblər. Toplantıya dəvət edildiyim vaxt Azərbaycan Demokratiya və Rifah Hərəkatının tədbiri ilə bağlı Şamaxıda olacağıq. Qrafikdə müəyyən dəyişikliklər olsa, toplantıda iştirak edəcəm. Özüm də Divanın iclasında iştirak etməkdə maraqlıyam, çünki mənim də deməyə sözlərim çoxdur və bu şansı itirmək niyyətində deyiləm".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu Müsavat Partiyası rəhbərliyinin addımlarından təəssüfləndiyini qeyd edib.

O bildirib ki, partiyanın güclənməsi ilə bağlı təklifləri aqressiv qarşılanır: "Qurultaydan sonra Müsavat Partiyasının gücləndirilməsi ilə bağlı tövsiyə paketi hazırladım. Daha sonra barışıq naminə təkliflər paketi təqdim etdik. Partiya rəhbərliyi isə yeni fikirləri, təşəbbüsləri dağıdıcılıq, bölücülük kimi qiymətləndirir. Yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü tədbirindən sonra partiya qərargahında toplaşmaqla bağlı təklif irəli sürdüm. Məqsədim ondan ibarət idi ki, partiyadaxili məsələləri müzakirə edək. Əvvəl də, indi də partiya ilə bağlı müzakirələrin açıq və geniş şəkildə müzakirəsinin tərəfdarı olmuşam. Bu təklifə də qarşı tərəf aqressiv mövqe nümayiş etdirdi".

Onun sözlərinə görə, partiya rəhbərliyinin atdığı addımlar mövcud gərginliyi daha da artırır: "Rəhbərlik üzvlərlə bağlı birtərəfli yanaşma nümayiş etdirir. Bizə şər atan, müəyyən qüvvələrə bağlayan adamlar barəsində heç bir tədbir görülmür. Çünki bu adamlar partiya rəhbərliyinə yaxın adamlardır. O insanlar ki, məni dəstəkləyiblər, onlarla bağlı dosyelər hazırlanır. Hesab edirəm ki, bu, fikir və söz azadlığına qarşı çıxmaqdır. Partiya rəhbərliyinə məsləhət görürəm ki, bu məsələlərə dözümlü yanaşsınlar. Üzvlərin partiyadan uzaqlaşdırılması yanlış addımdır. Müsavat rəhbərliyinin bu cür addımları partiyanın imicinə zərbə vurur".

Son xəbərlər

Orphus sistemi