Azad Rəhimov: "I Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi"

Azad Rəhimov: "I Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi" "Heç bir qara qüvvə bizi qorxuda bilməz"
Daxili siyasət
2 İyul , 2015 09:57
Azad Rəhimov: I Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi

Bakı. 2 iyul. REPORT.AZ/ "Azərbaycanın qüdrətli dövlət kimi dünyada öz layiqli yerini tutması anti-Azərbaycançı şəbəkədə böyük narahatlıq yaradıb. Kimsə I Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır". "Report" xəbər verir ki, bu fikirləri Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov rəsmi dövlət qəzeti olan "Azərbaycan"a müsahibəsində deyib.

Nazir hesab edir ki, bu məsələ ilə bağlı fikir bildirənlər idman aləmindən uzaq olanlardır. Onun sözlərinə görə, Avropa Oyunlarına daxil olan 16 olimpiya idman növündən 12-si lisenziya xarakterli olub: "Bu fürsəti heç bir idmançı qaçırmaq istəməzdi. 100-dən artıq Olimpiya və dünya çempionu "Bakı-2015"də yarışdı. Üzgüçülükdə gənclər arasında dünya rekordu təzələndi. Zəif idmançı dünya rekordu qıra bilər? Bu haqda fikir səsləndirənlər bəlkə, heç bir dəfə də olsun idman yarışına baxmayıblar. İdmandan xəbəri olanlar belə fikirlərlə çıxış etməzlər. Heç bir qara qüvvə bizi qorxuda bilməz. Oyunları boykot etməyə, açılış mərasimi zamanı saytı dağıtmağa çalışdılar. Lakin qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi".

A.Rəhimov qeyd edib ki, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkənin nüfuzunun artdığını bir daha sübuta yetirdi: "Ötən dövr ərzində I Avropa Oyunlarının Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Yeni idman qurğularının tikintisi, mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər yüksək səviyyədə həll olundu".

Nazir onu da xatırladıb ki, idmanda olan nailiyyətlər də göz qabağındadır: "Azərbaycan qazandığı medalların sayına görə Avropanın ən güclü 2-ci ölkəsi oldu. Bunları danmaq mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq böyük amilə çevrilib. Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malik idi". 

Son xəbərlər

Orphus sistemi