Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib Bakıda, Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib.
Daxili siyasət
9 İyun , 2023 19:50
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib

Bakıda, Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, Xarici İşlər Nazirliyi, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanmış kitabın təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, media rəhbərləri, digər şəxslər iştirak ediblər.

Toplantıda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı qələbə və Qarabağa qayıdış barədə fikirlərini bölüşüb: "Torpaqlarımız azad ediləndən sonra həmin yerlər yenidən qurulur. Azad edilən ərazilər ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə verəcək. Laçın, Kəlbəcər, Şuşa kimi ərazilər turizm imkanlarımızın artmasına şərait yaradacaq".

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov isə "Qarabağ" adlı kitabı ərsəyə gətirərkən torpaqların işğal altında olduğuna diqqət çəkib: "Biz şəkilləri çox çətinliklə əldə etmişdik. Amma artıq növbəti, bu silsilədən olan kitablarımızın nəşri zamanı torpaqlarımız Ali Baş Komandan və Ordumuzun sayəsində azad olunub. Amma tarix unudulmamalıdır, tarixi faktlar daima əlimizdə olmalı, hər zaman diqqətdə saxlanılmalıdır. Bu kitablar da bir tarixi faktdır".

İRS və "Azerbaijan Airlines" jurnallarının baş redaktoru Musa Mərcanlı ilin sonuna kimi bu silsilədən olan daha üç kitabın da nəşr olunacağını deyib: “Kitabın əsas məqsədi Şərqi Zəngəzur və Qarabağda iki il ərzində aparılan tikinti-quruculuq işlərini müfəssəl formada təqdim etməkdir. Sizə bir sirr açım, biz ilin əvvəlində həmin ərazilərə səfər zamanı quruculuş işlərinin o qədər sürətli getdiyini gördük ki, dedik, kaş bütün bunların hamısını kitaba daxil edə biləydik".

Kitabın şef redaktoru Andrey Vasilyev isə Azərbaycan haqqında 10 kitabın müəllifi olduğunu bildirib: "Qarabağ gözlənilmədən tez bir zamanda azad olundu. Biz heç vaxt işğal dövründə orada törədilənləri təsəvvürümüzə gətirə bilməzdik. Biz kitab vasitəsilə Qarabağın tarixi və mədəniyyəti barədə məlumat vermək istədik".

Xatırladaq ki, “İRS” silsiləsi çərçivəsində sayca 21-ci olan “Dirçəliş. Başlanğıc” kitabı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Kitabın məqsədi Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmuş torpaqlarında iki il ərzində baş vermiş dəyişiklikləri maksimal dərəcədə tam təsvir etməkdən ibarətdir. Region dinc həyata qayıdır, avtomobil və dəmir yolları çəkilir, bərpa edilən və yenidən tikilən su elektrik stansiyaları fəaliyyət göstərir, yeni hava limanları reysləri qəbul edir, dağıdılmış şəhər və kəndlər dirçəldilir. Otuz ilə yaxın müddətdə öz doğma yurdlarından uzaqda yaşamış məcburi köçkünlər Vətənə qayıtmağa başlayır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl, ən qabaqcıl, ən firavan guşəsi olacaq.

Qeyd edək ki, nəşr Azərbaycan Xarici İşlər Nazirliyi, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb. Kitab Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.

“İRS” Nəşriyyat Evi tərəfindən çap edilən kitab “Ön söz”, “Gələcəyə uzanan magistrallar”, “Quruculuq enerjisi”, “Hava limanları”, “Torpağa qayıdış”, “Kül içindən dirçələnlər” və “Doğma Şuşa” kimi hissələrdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi