Yuxarı

"Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda elmi-praktik seminar keçirilib

Akif Əlizadə: Heydər Əliyev hər bir çətinliyə dözərək Azərbaycanın bu gününü - müasir Azərbaycanı yaradıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə növbəti elmi-praktik seminar keçirilib. "Report"xəbər verir ki, seminarda "Heydər Əliyev və Azərbaycan elmi" mövzusu müzakirə olunub.

İctimai-siyasi xadimlər, ali təhsil müəssisələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, "Heydər Əliyev irsi" mövzusunda elmi-praktik seminarlar" adlı layihə Mərkəz tərəfindən həyata keçirilən maraqlı layihələrdəndir: "Bu seminarlar mütəmadi olaraq keçirilir".

Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğulayan M. Mehdiyeva bu baxımdan məşğələnin "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda keçirilməsini də əhəmiyyətli sayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib ki, bütün ömrü boyu Azərbaycan xalqının inkişafı, xoşbəxtliyi üçün çalışan Heydər Əliyev hər bir çətinliyə dözərək Azərbaycanın bu gününü- müasir Azərbaycanı yaradıb: "Azərbaycan tarixində tarix yaradan şəxsiyyətlər az olmayıb. 20-ci əsrin belə görkəmli tarixi şəxsiyyətlərindən biri də Heydər Əliyevdir. Heydər Əliyev deyirdi ki, elm və təhsilin sürətli inkişafı Azərbaycan xalqının 20-ci əsrdə ən böyük nailiyyətidir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu istiqamətlər sırasında elm sahəsinin xüsusi yeri var. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi. Ulu öndərin elmə göstərdiyi həssas münasibət, alimlərimizə verdiyi mənəvi stimul onları yeni-yeni nailiyyətlərə ruhlandırıb. Heydər Əliyev öz fəaliyyətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanıb. O, elmi məsələlərin həllində yüksək peşəkarlıq göstərirdi. Bunun ilk səbəbi onun özünün də elmi təfəkkürə sahib olması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi diqqət də elə buradan qaynaqlanır".

2015-ci ildə AMEA-nın təsis olunmasının 70 ilinin tamam olduğunu xatırladan A.Əlizadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Akademiyada çoxsaylı tədbirlər həyata keçirilir: "AMEA-nın inkişafının böyük mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. Akademiyada Azərbaycan xalqının dilinin, milli-mənəvi dəyərlərinin araşdırılmasında, tarix, riyaziyyat, astronomiya və s. sahələrdə elmi araşdırmaların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Heydər Əliyevin mühüm rolu olub.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanın aqrar bir respublika olduğunu diqqətə çatdıran A.Əlizadə həmin dövrdə ölkəmizdə yeni mərhələnin başladığını bildirib. Onun sözlərinə görə, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində 70-ci illərdə Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf etdi, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atıldı.

A.Əlizadə Heydər Əliyevin Azərbaycan alimlərinin kosmik sahəyə cəlb olunması üçün də böyük işlər gördüyünü söyləyib: "Heydər Əliyev elmdə kosmik sahəni yüksək qiymətləndirib və hələ SSRİ dövründə israrla Azərbaycan alimlərini bu sahəyə cəlb edirdi. Çox az adam bilir ki, alimlərimizin kosmik sənayedə iştirakı Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsi idi".

Heydər Əliyevin ana dilinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirdiyini deyən Akademiya prezidentinin sözlərinə görə, Heydər Əliyev ana dilinin təbliğini azərbaycançılığın təməli sayırdı.

AMEA prezidenti ulu öndər Heydər Əliyevin milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasındakı rolu barədə də danışıb: "Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Xaricdə təhsil almaq indi asan görünür. Amma o zaman bu, çox çətin məsələ idi".

Heydər Əliyev Mərkəzində keçirilən seminarın daha geniş formatda təşkili məqsədi ilə AMEA-nın Gəncə və Naxçıvan bölmələri ilə videobağlantılar da yaradılıb. Videobağlantılar zamanı Gəncə və Naxçıvan sakinləri, elm adamları Heydər Əliyev Mərkəzində təşkil olunan mövzunun müzakirəsində iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi olaraq təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, çıxışlar ətrafında interaktiv müzakirələr aparılır. İctimaiyyət üçün açıq olan bu seminarların gələcəkdə fərqli mövzularda və formatda davam etdirilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi