Heydər Əliyev saxta erməni soyqırımına qarşı mübarizə aparıb

Heydər Əliyev saxta erməni soyqırımına qarşı mübarizə aparıb Ulu öndər Azərbaycan milli maraqlarını hər zaman uca tutub
Daxili siyasət
10 May , 2021 12:29
Heydər Əliyev saxta erməni soyqırımına qarşı mübarizə aparıb
Heydər Əliyev

Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev keçmiş SSRİ-yə rəhbərlik edənlərdən olub. Bu baxımdan o, ermənilərin Azərbaycana qarşı fəaliyyətini, onları dəstəkləyənləri daha yaxşı tanıyıb, onların çirkin məqsədlərinin qarşısını alıb.

“Report” xəbər verir ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı.

Bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərib, Azərbaycan milli maraqlarını hər zaman uca tutub. Bu dövrdə onun qətiyyəti sayəsində erməni iddiaları hər zaman iflasa uğramışdır.

Bildirilib ki, XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli sürətdə qeyd edildi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.

Heydər Əliyev ermənilərin bu mənfur niyyətinin qarşısını almaq üçün imkanlarından maksimum istifadə edib. Onların anti-türk, anti-Azərbaycan fəaliyyətinə mane olub.

Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 1918-ci ilin martında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasını yenidən gündəliyə gətirdi. Bununla əsl soyqırımı kimin törətdiyini beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı.

Həmin sənəddə deyilir: “1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi...

Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram: 1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın”.

Son xəbərlər

Orphus sistemi