Bakı Kitab Mərkəzində dekabrın 27-də “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib.
«Report» xəbər verir ki, kitabda Ümummilli Liderin sovet Azərbaycanına və müstəqil Azərbaycana rəhbərliyi dövründə, eləcə də SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini və Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi illərdə həyata keçirdiyi işlər haqqında 100 maraqlı fakt toplanıb.
Təqdimat mərasimində çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ulu öndərin siyasi irsinin hər zaman elmi tədqiqatlar üçün zəngin mənbə olduğunu vurğulayıb.
O, ümummilli liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib.
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ümummilli liderin fəaliyyətini əks etdirən kitabların ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb. Kitabda əksini tapmış faktların ulu öndərin çoxşaxəli fəaliyyəti haqqında mühüm məqamları əks etdiridiyini bildirib.
Kitabın elmi redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Yəhya Babanlı nəşrin məzmunu, strukturu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Heydər Əliyev. 100 faktın tarixi” kitabında Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alıb. Nəşrdə Ümummilli Liderin müsahibələri, çıxışları və bəyanatları, eləcə də səfərləri və müxtəlif görüşləri barədə maraqlı məlumatlar əks etdirilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın İdeya müəllifləri və məsləhətçiləri Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovdur.




