Yuxarı

​YAP illik maliyyə hesabatını MSK-ya təqdim edib

YAP-ın gəlirləri 7 milyon 442 min 113 manat olub

Bakı. 5 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2015-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bunu "Report"a açıqlamasında YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Qeyd edək ki, 2015-ci ildə YAP-ın gəlirləri 7 milyon 442 min 113 manat olub. Bunun 6 milyon 293 min 512 manatı üzvlük haqları, 1 milyon 148 min 601 manatı büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 3 milyon 767 min 616 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 573 min 169 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, 187 min 788 manatı parlament seçkiləri ilə əlaqədar partiya hesabından seçki fonduna köçürmələrə, 161 min 264 manatı ezamiyyə xərclərinə, 259 min 126 manatı invertarların alınmasına, 319 min 902 manatı təmir işlərinə, 393 min 770 manatı kommunal və təsərrüfat xərclərinə, 182 min 737 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 62 min 778 manatı bank xidmətinə, 235 min 343 özəlləşmə və icarə haqlarına, 242 min 443 manatı isə s. xərclərə sərf edilib.

Beləliklə, YAP-ın cəmi xərcləri 6 385 936 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 milyon 56 min 177 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb. 2016-cı ilin yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6 milyon manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi