Yuxarı

Nazirlər Kabineti Azərbaycanda sənaye məhəllələri haqqında əsasnaməni təsdiqləyib

Əsasnamə dövlətin sənaye məhəllələrinin yaratması ilə bağlı məsələləri tənzimləyir

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”ni təsdiq edib.

"Report"un xəbərinə görə, sənəd dövlət tərəfindən sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Əsasnamədə qeyd olunub ki, sənaye məhəllələrində sənaye məhsullarının istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.

Sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

Sənaye məhəlləsi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye məhəlləsinin yaradılması haqqında qərar İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Prezidenti tərəfindən qəbul edilir. Burada bələdiyyə mülkiyyətində olan torpaq sahələri icarə müqaviləsi əsasında və ya Mülki Məcəllədə müəyyən edilmiş digər əsaslarla icarəyə vermək hüququ ilə cəlb edilir.

İdarəedici təşkilat sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görür, iştirakçıların qeydiyyatını (reyestrini) aparır, onlara sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini verir. Bundan əlavə, dövlət orqanları tərəfindən sənaye məhəlləsinin iştirakçılarında keçirilən yoxlamalarda (vergi yoxlamaları və vergi nəzarəti tədbirləri istisna olmaqla) iştirakçıların dəvəti ilə iştirak edir, sənaye məhəlləsində tikintiyə və tikinti obyektinin istismarına icazənin alınması ilə bağlı sənaye məhəlləsinin iştirakçısının adından təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirir.

Bu təşkilatın gəlirləri mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərindən, kreditlərdən, qrantlardan, ianələrdən gəlir.

Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar bu əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almalıdırlar.

Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmək üçün ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı bu əsasnamənin 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. İdarəedici təşkilat ərizəçi tərəfindən təqdim olunmuş ərizəni həmin gün qeydiyyata alır və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir. İdarəedici təşkilat 3 iş günü müddətində ərizəçi tərəfindən təqdim olunan ərizənin və ona əlavə edilən sənədlərin bu əsasnaməyə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyata almaqdan imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən həmin çatışmazlıqlar göstərilməklə bu barədə ərizəçiyə yazılı məlumat verilir.

Ərizəçi yazılı məlumatı aldığı vaxtdan ən gec 15 gün ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman qeydiyyataalma müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyataalma prosedurunun ümumi müddətinə daxil edilmir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyataalma müddətinin axımı bərpa olunur.

Sənaye məhəlləsinin yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə sənaye məhəlləsi ləğv edilir.

Qurumun ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi