Yuxarı

Gül bayramının formatı dəyişdirilib

Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Bu ildən başlayaraq mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

BŞİH-dən bildirilib ki, hər il ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub: “Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar. Artıq ümumxalq bayramına çevrilmiş Gül bayramında hər bir Bakı sakini şəhərin bütün park, bağ və xiyabanlarının abadlaşdırılmasında yaxından iştirak edəcək, paytaxtımızın daha da gözəlləşməsinə, Avropanın ən gözəl şəhərləri sırasında öz yerini möhkəmlətməsinə əməli töhfə verəcək”.

Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da hamını paytaxtın park, bağ və xiyabanlarında aparılan abadlaşdırma işlərinə qoşulmağa, fərqli-fərqli yaşıllıq və gül çələngləri, kompozisiyalar və s. fərdi yaradıcılıq vasitəsilə öz bədii fantaziya nümunələrini nümayiş etdirməyə dəvət edir.

Əlavə məlumatla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 050-211-23-72, 070-211-23-72, 012-440-15-34 nömrəli telefonları ilə əlaqə saxlamaq xahiş olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi