Prezident Göygöl və Samuxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayırıb

Prezident Göygöl və Samuxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayırıb Hər iki rayonda çoxmənzilli binalar təmir olunacaq
Daxili siyasət
21 Avqust , 2017 17:55
Prezident Göygöl və Samuxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayırıb

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Göygöl rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, Uşaq Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, “Çiçəkli” Su-Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal müəssisələri yaradılmış, 9 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. 

Sərəncama əsasən, Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,0 (iki) milyon manat, 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,0 (bir) milyon manat ayrılib.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 

Bundan başqa, Prezident İlham Əliyev Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Samux rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Samux rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verib, əsas kapitala yönəldilmiş vəsait 25,6 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 68,1 dəfə artıb, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, “Yenikənd” və “Samux” elektrik yarımstansiyaları, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Ağır Atletika İdman Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 44 mənzilli 2 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 12 mindən çox yeni iş yeri açılıb, qırx min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 60,5 kilometr olan kəndlərarası avtomobil yolları tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Son xəbərlər

Orphus sistemi