Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunublar

Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunublar Təyinat almış yeni əməkdaşlar and içiblər, onlara xidməti vəsiqələr, həmçinin xüsusi rütbələr verilib
Daxili siyasət
19 Sentyabr , 2016 18:22
Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunublar

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Bu il müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan gənclər ictimai həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəal iştirak edir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən "Report"a bildirilib ki, dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır. Gənclərin işlə təminatı daim diqqətdə saxlanılaraq şəffaf seçimlər əsasında son illər 2 minə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub. Hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində püxtələşərək uğurla fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bu gün xeyli sayda ədliyyə qulluqçusu hakimiyyətin bütün qollarında, o cümlədən ali dövlət orqanında məsul vəzifələrə irəli çəkiliblər.

Ümumiyyətlə, ədliyyə sistemində kadr seçiminə böyük tələbkarlıqla yanaşılır, bu məqsədlə hazırlıqlı, müasir texnologiyaya bələd olan və mənəvi cəhətdən saf gənclərin açıq müsabiqə yolu ilə işə qəbulu aparılır. İmtahanda iştirakın sadələşdirilməsi məqsədilə elektron xidmətlərdən geniş istifadə olunur, bu zaman təkcə elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir. Həmçinin, şəffaflığın tam təmin edilməsi üçün test imtahanları internetdə canlı yayımlanır, müsabiqənin bütün mərhələləri vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən izlənilir.

Eyni zamanda, namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir. Test imtahanı və söhbətdən uğur qazanan namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb olunurlar. Bu il təlimin müddəti üç ayadək uzadılaraq tədrisin keyfiyyəti artırılıb, namizədlər müxtəlif, o cümlədən insan hüquqları, hüquqi etika, müasir İKT-lərdən istifadəyə dair və digər aktual mövzularda nəzəri mühazirələrlə yanaşı, bilavasitə müxtəlif ədliyyə qurumlarında təcrübi məşğələlər keçiblər. Təlim zamanı gənclərin hərtərəfli, o cümlədən mənəvi-estetik dünyagörüşünün inkişafı məqsədilə müvafiq mədəni tədbirlər təşkil olunub.

Bununla yanaşı, Nazirliyin tibb xidmətində yüksək ixtisaslı həkim-mütəxəssislərə ehtiyac nəzərə alınaraq respublika Nazirlər Kabinetinin sərəncamına əsasən 2009-cu ildən etibarən hər il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə Nazirlik üçün tələbə qəbulu həyata keçirilir. Təhsil zamanı həmin tələbələrlə ədliyyə işçilərinin mütəmadi görüşləri təşkil olunur, penitensiar müəssisələrdə tibb sahəsində təcrübə keçmələri təmin edilir.

Bu günlərdə 90 nəfər gənc ədliyyə orqanlarına işə qəbul olunub. Onlardan böyük əksəriyyəti qulluğa qəbulla bağlı keçirilmiş builki müsabiqədən uğur qazanan hüquqşünaslar, habelə nazirliyin sərəncamına göndərilmiş ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır.

Yeni təyinatla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun həmin gənclərlə görüşü keçirilib.

Gənc əməkdaşlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir nazirlikdə davam etdirilərək, əbədiyaşar liderin büstü önünə tər çiçəklər qoyulub.

Ədliyyə naziri görüşdə çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin edildiyini qeyd edib, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlərdən ətraflı danışıb.

Həmçinin, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs olunub, yeni nəsil kadrların şəffaflıq əsasında ədliyyə orqanlarına qulluğa qəbulu, builki müsabiqənin mütəşəkkilliyi və gənclərin daha geniş iştirakı qeyd edilib, gənc ədliyyə işçilərinin potensialından səmərəli istifadə olunması, peşəkar dövlət qulluqçusu kimi formalaşmaları diqqətə çatdırılıb.

Eyni zamanda, ölkə başçısının təşəbbüsü ilə yaradılaraq Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində çalışan gənclərin və könüllülərin yüksək vətəndaş məmnunluğunu təmin etməklə bürokratik əngəllərə və korrupsiyaya qarşı mübarizəyə böyük töhfələr verdiyi vurğulanıb, bu qurumlarda gənc ədliyyə işçilərinin də səmərəli xidmətlər göstərdiyi qeyd edilib.

Sonda nazir hər bir ədliyyə işçisindən məsuliyyət, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi kimi əsas meyarların tələb olunduğunu bildirib, gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını dövlətimizin inkişafı naminə səfərbər etmələri, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.

Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr, aidiyyəti işçilərə, həmçinin xüsusi rütbələr verilib.

Son xəbərlər

Orphus sistemi