Gəncədə qadın seçicilərlə görüş keçirilib

Gəncədə qadın seçicilərlə görüş keçirilib YAP Gəncə şəhər Təşkilatında keçirilən görüşdə millət vəkilləri, ziyalı qadınlar, partiya fəalları iştirak edib
Daxili siyasət
10 Sentyabr , 2016 11:46
Gəncədə qadın seçicilərlə görüş keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirilib.

“”Report” xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatında keçirilən görüşdə millət vəkilləri, ziyalı qadınlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri, ümumilikdə 500 nəfərə yaxın seçici iştirak edib.

Tədbiri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, millət vəkili Naqif Həmzəyev açıb, seçiciləri salamlayaraq, ölkəmizin mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirib. O qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir: “Bu gün hansı sahəyə baxsaq, güclü Azərbaycanın və regionların sürətli tərəqqisi diqqət çəkir. Ölkəmizdə qazanılan görkəmli nailiyyətlər, demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur”.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev çıxışında bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq, Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq.

Azərbaycanın böyük seçki təcrübəsinə malik olduğunu deyən AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev qeyd edib ki, hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır: “Bu dəyişikliklər eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir”.

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə çıxışında Azərbaycan qadınlarının cəmiyyətdə aparıcı qüvvə olduğuna diqqət çəkərək, onların dünyanın ən mötəbər məclislərində öz sözlərini cəsarətlə bildirdiklərini,Azərbaycanı şərəf və ləyaqətlə təmsil etdiklərini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi