Gəncədə 27 sentyabr Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib - YENİLƏNİB 

Gəncədə 27 sentyabr Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib - YENİLƏNİB  Gəncədə 27 sentyabr - Anım günü ilə əlaqədar silsilə tədbirlər başlayıb.
Qarabağ
27 Sentyabr , 2021 13:39
Gəncədə 27 sentyabr Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib - YENİLƏNİB 

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin müxtəlif küçə və prospektlərində quraşdırılan monitorda Birinci Qarabağ və Vətən müharibəsində şəhid olanlar haqqında məlumatların yer aldığı video-slayd nümayiş olunub. Şəhidlər xiyabanında yerləşən Əbədi Məşəl abidəsinin önünə güllərdən hazırlanmış “Dəmir yumruq” və “Xarı bülbül” kompozisiyalar qoyulub. 

Anım mərasimində Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəi Baş Konsulları Zeki Öztürk, Nikolos İaşvili, millət vəkilləri,  hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rəsmilər şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.  Anım mərasimi iştirakçıları monitor vasitəsilə Müzəffər  Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətini dinləyiblər. 

Mərasim torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin uyuduğu Xiyabanda davam edib.  Rəsmilər xiyabanın girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər.

Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğu, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd ediblər.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

Gəncə Dövlət Dram Teatrı kollektivinin təqddimatında Vətən müharibəsi qazisi Həsən Cəfərovun “Millətəm” pyesi əsasında “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. 

Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olublar.Burada həmin gecə dünyasını dəyişən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər, din xadimləri tərəfindən rularına dualar oxunub.

Bununla yanaşı, 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirsinə Heydər Əliyev adına Park Kopmleksində ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər. Aksiya çərçivəsində şəhərin iqlim şəraitinə uyğun olan 300-dən çox Eldar şamı və çinar ağacı əkilib. 

Bundan əlavə, gənclərin hazırladığı “Vətən var olsun!” devizi altında fleşmob nümayiş etdirilib. 

Qeyd edək ki, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri kollektivləri ilə birgə  gün ərzində  Şəhidlər Xiyabanını və Qələbə parkını ziyarət edəcəklər.

09:13


Gəncədə 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, İmamzadə Kompleksində vətən uğrunda canlarından keçən Şəhidlərimizin ruhuna dualar oxunur.

Tədbir çərçivəsində rəsmi şəxslər Gəncənin Şəhidlər xiyababını ziyarət edəcəklər.

Daha sonra Əbədi Məşəl Abidəsinin önünə əklil qoyulacaq, şəhidlərin ruhuna dualar oxunacaq.

Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, daha sonra şəhid məzarları ziyarət olunacaq.

Gəncə Şəhidlər xiyabanındakı ümumşəhər tədbiri yekunlaşdıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilər ziyarət ediləcək. Orada dünyasını dəyişən dinc sakinlərin ruhuna ehtiram əlaməti olaraq əraziyə güllər düzüləcək.

Sonra isə Gəncənin Heydər Əliyev Park-Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutacaq.

Son xəbərlər

Orphus sistemi