AMEA Gəncə Bölməsi tərəfindən 1920-ci ilin may ayında bolşevik istilasına qarşı Gəncə üsyanının 102-ci ildönümünə həsr olunan “Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, konfransdakı giriş sözündə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev tariximizin şərəfli səhifələrindən olan, xalqımızın əyilməzlik simvollarından biri kimi xarakterizə edilən, 1920-ci ildə bolşevizmə qarşı Gəncədə alovlanan üsyanın mahiyyəti və onun vətənpərvərlik nümunəsi kimi təbliği və elmi tədqiqi məsələlərindən danışıb.
Respublika elmi-praktik konfransına onlarla tədqiqatçı öz məruzələrini təqdim edib. Məruzələr “1920-ci il Gəncə üsyanı haqqında xarici tarixşünaslıq”, “11-ci Qırmızı ordunun Gəncə qəzasında işğalçı fəaliyyəti (1920-ci il)”, “Azərbaycan-Rusiya münasibətləri tarixi rusdilli mənbələrdə” və digər mövzuları əhatə edib.
Konfransın yekununda AMEA Gəncə bölməsinin sədri akademik Fuad Əliyev bu elmi tədbirin materiallarının tədqiqatçılar üçün faydalı olacağını qeyd edib. O, həmçinin bölmə tərəfindən buraxılmış, Gəncə üsyanına dair sanballı araşdırma materiallarını özündə birləşdirən kitabı da təqdim edib.