Yuxarı

Fransalı jurnalistlər məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub

Onlar həmçinin Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyinə də ekskursiya ediblər

Bakı. 7 oktyabr. REPORT.AZ/ Fransalı jurnalistlər məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki durum barədə materiallar hazırlamaq məqsədilə Azərbaycanda səfərdə olan Fransanın məşhur “L Opinion” qəzetinin müxbiri Claude Lebianc, “İnstiute European Perspective and Security” beyin mərkəzinin direktoru Emmanuel Dupuy və TTU qəzetinin baş redaktoru Guillen Monsoinsdən ibarət media nümayəndələri Abşeron rayonunun Masazır ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə olublar. 

Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, doğma yurdlarını tərk etmiş insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb: "Bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli və kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Proqramı və ona əlavələr təsdiq edilib. Məhz bunlara da uyğun olaraq Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün ötən dövrdə bütün sosial-texniki infrastruktura malik 95 yaşayış kompleksi salınıb, 50 min ailənin və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə təxminən 6 milyard ABŞ dollarından çox vəsait sərf olunub".

Onun sözlərinə görə, Ermənistanın təcavüzkar siyasəti nəticəsində münaqişə həll olunmadığından bu gün on millərlə soydaşımız hələ də yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda ağır şəraitdə yaşayırlar. Onların da mənzil problemlərinin həlli istiqamətində Azərbaycan dövləti mərhələli şəkildə tədbirlər həyata keçirir.

Xarici jurnalistlər məhəllədəki 540 yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan hərtərəfli şəraitlə tanış olub, 280 yerlik uşaq bağçasında təhsil alan uşaqların əl işlərinə baxıb, körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər.

Onlar həmçinin Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyinin eksponatları ilə də tanış olub, özlərini maraqlandıran suallara cavab alıblar.

Sonda qonaqlar məhəllədə məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə da tanış olublar. Zəngilandan məcburi köçkün Ərşad Piriyevin mənzilindəki çay süfrəsi ətrafında söhbət əsnasında qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu və ümidi ilə yaşayır və onlar əmindirlər ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında onların bu arzuları tezliklə reallaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi