FHN-in yaradılmasının 10 illiyi münasibətilə yubiley medalı təsis edilib

FHN-in yaradılmasının 10 illiyi münasibətilə yubiley medalı təsis edilib Medal bürüncdən tökülən, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir
Daxili siyasət
4 Dekabr , 2015 20:19
FHN-in yaradılmasının 10 illiyi münasibətilə yubiley medalı təsis edilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi münasibətilə yubiley medalı təsis edilib. "Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalının təsis edilməsilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna təklif edilən dəyişiklik qəbul edilib.

Yubiley medalı ilə FHN orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslərə veriləcək.

Yubiley medalı döşün sol tərəfinə taxılır. Medal bürüncdən tökülən, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi hamar səthlidir. Mərkəzdən yuxarıda relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində, yaşıl fonda, müvafiq icra hakimiyyəti orqanının emblemindən ibarət kompozisiya təsvir edilib.

Medalın yuxarı qövsü boyunca qızılı rəngdə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca həmin rəngdə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılıb. Medalın mərkəzindən aşağı hissədə Dövlət bayrağının rənglərinə uyğun lentin üzərində ağ minalı "10 İL" sözləri, medalın sol tərəfində lentdən yuxarı hissədə alt-alta qızılı rəngdə "2005" və "2015" rəqəmləri yazılıb, lentin üzərində sağa istiqamətlənən qızılı rəngdə palıd yarpaqlarının təsviri verilib.

Son xəbərlər

Orphus sistemi