"Ermənistan Azərbaycana çox şey qaytarmalıdır" - RƏY

"Ermənistan Azərbaycana çox şey qaytarmalıdır" - RƏY “Tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır”.
Daxili siyasət
28 Dekabr , 2022 13:17
Ermənistan Azərbaycana çox şey qaytarmalıdır - RƏY

“Tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Ramin Məmmədov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü başa vurmaqda olduğumuz 2022-ci ilin ən mühüm siyasi hadisələrindən biri olmaqla yanaşı, müharibədən sonrakı dövrün milli strateji prioritetlərini təxmin etmək üçün ciddi informasiya yükü daşıdığını deyən deputat bildirib ki, görüşün tarixi və ünvanının təsadüfi seçilmədiyini Prezidentin nitqindəki tezislərdən də anlamaq çətin deyil:

“Azərbaycan Vətən müharibəsindən sonra öz tarixinin yeni mərhələsinə qədəm qoyub və bu həm də elə bir dövrə təsadüf edir ki, beynəlxalq münasibətlərin xarakterində yeni dünya düzəninin müəyyənləşdirən əhəmiyyətli dəyişikliklər baş verir. Prezident İlham Əliyevin siyasəti mürəkkəb geosiyasi reallıqlar fonunda ölkənin milli maraqlarının daha etibarlı qorunmasını təmin etməklə yanaşı, qlobal proseslərin diktəsi ilə formalaşan şərtlərdən yeni strateji hədəflərin həyata keçirilməsi üçün maksimum faydalanmağa hesablanıb. Qərbi Azərbaycan hər bir azərbaycanlının genetik yaddaşında xüsusi yeri olan, xeyli dərəcədə tarixi və bir o qədər də mənəvi-ideoloji məzmun daşıyan coğrafi vahiddir. Lakin 44 günlük müharibədən sonra indi o həm də siyasi-ideoloji məna kəsb etməyə başlayıb. Əsrin əvvəllərində Ermənistana hədiyyə edilmiş bu torpaqların yaddaşında yüzminlərlə azərbaycanlının şəxsi faciəsi yaşayır. Lakin Qərbi Azərbaycan həm də Azərbaycan xalqı üçün ümummilli fəlakətin rəmzi kimi qavranılır. Çünki İrəvan, Qərbi Zəngəzur, Göyçə, Zəngibasar mahallarının Ermənistana verilməsi yeni itkilərə, faciələrə gedən yolun başlanğıcı idi. Azərbaycan tarixinin ən həlledici, taleyüklü anında verilmiş yanlış qərarlar bu yolu düşmənlər üçün daha asan və əlverişli hala gətirdi”.

Onun sözlərinə görə, İrəvanın Ermənistana verilməsinin o dövrün tarixi və geosiyasi şərtləri ilə izah edən mülahizələrdə müəyyən dərəcədə həqiqət payı ola bilər:

“Lakin siyasət həm də bütün ağır şərtlərə rəğmən milli maraqları maksimum dərəcədə qorumaq sənətidir. Biz Cümhuriyyət tarixinə nə qədər dərin ehtiram və rəğbətlə yanaşsaq da bu, İrəvanın Ermənistana hədiyyə edilməsinin milli mənafelər baxımından böyük strateji yanlışlıq olduğu həqiqətini dəyişmir. Nəzərə almaq lazımdır ki, tarixi hadisələri daha aydın və soyuqqanlı təhlil etmək üçün zaman çox mühüm faktordur. Bu baxımdan, yüz il öncə qəbul edilmiş qərarları indi daha düzgün təhlil etmək, araşdırmaq, qiymətləndirmək mümkündür”.

Bu gün tarixi səhvləri təkrarlamamağın, Azərbaycanın qarşısında qoyulmuş yeni hədəflərin reallaşması üçün bütün imkanları səfərbər etməyin vaxtı olduğunu deyən icma üzvü nəzərə çatdırıb ki, zamanı və prosesləri düzgün qiymətləndirmək, minlərlə şəhidin qanı hesabına açılan yeni tarixi mərhələdə bütün addımları dəqiq hesablamaq lazımdır:

“Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə söylədiyi nitq əslində bizim üçün yeni dövrün yol xəritəsidir. Cənubi Qafqazda son yüzilliklərdə baş verən hadisələrin mahiyyəti, Azərbaycanın məruz qaldığı itki və faciələr, Şərqdə ilk demokratik respublikanı qurmuş, ilk operanı yaratmış, qadınlara səsvermə hüququ vermiş bir xalqın üzləşdiyi fəlakətlərin səbəbləri haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün konkret və düşünülmüş addımlar atmalıyıq. Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü qarşımızda duran milli strateji hədəflərlə bağlı çox mühüm mesajlar verir: “Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm”. Azərbaycan Prezidentinin bu iki cümləlik fikri, sözsüz ki, görüşdə iştirak edən hər kəs üçün böyük qiymətə malikdir. Lakin bu cümlələr həm də bütün Azərbaycan xalqına müzəffər Ali Baş Komandanın yeni bir tarixi mərhələyə qədəm qoyduğumuza dair verdiyi çox önəmli mesajdır”.

Deputatın fikrincə, dövlət başçısının nitqində verdiyi mesajlar təkcə qarşıdan gələn 2023-cü ildə deyil, bəlkə də daha uzaq bir müddətdə Azərbaycan dövlətinin həyata keçirməyi planlaşdırdığı siyasətin təxmini konturlarını özündə ehtiva edən əsas ideoloji tezislər olmaqla yanaşı, həm də taleyüklü bir dövrə qədəm qoyduğumuza işarədir: “Azərbaycan Prezidentinin özünəməxsus liderlik keyfiyyətləri, zəngin siyasi təcrübəsi, müvəffəqiyyətlə yerinə yetirdiyi tarixi missiya kontekstində onun verdiyi mesajların miqyası, siyasi-ideoloji çəkisi daha aydın görünür.

  • Əvvəldə də qeyd etdiyimiz kimi, görüşün yeri, tarixi, məzmunu və formatı Prezidentin yalnız Azərbaycan xalqına deyil, həm də Cənbui Qafqazdakı proseslərə təsir imkanlarına malik qlobal oyunçulara ciddi mesajlar verdiyini deməyə əsas verir. Ermənistan dövlətinin yaradılması naminə yüzminlərlə azərbaycanlının taleyini faciəli şəkildə dəyişən tarixi ədalətsizlik faktı var və dünya bunu etiraf etməlidir.
  • Şərqi Zəngəzur anlayışı olduğu kimi, Qərbi Zəngəzur məfhumu da var və mütləq Cənubi Qafqazla bağlı proseslərdə ümumi siyasi leksikonun bir hissəsi olmalıdır. Başqa sözlə desək, nəinki region ölkələri, xüsusilə də Ermənistan, o cümlədən böyük güclər yeni dünya düzəninin formaşalması prosesində tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaradıldığı faktını nəzərə almalıdır;
  • Qərbi Zəngəzurun tarixi, azərbaycanlıların məruz qaldığı deportasiya və soyqırımı siyasətinin bütün parametrləri daha geniş və dərindən araşdırılmalı, qlobal informasiya məkanında öz yerini tapmalıdır;
  • Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizlikləri beynəlxalq konvensiyalar əsasında qiymətləndirən hüquqi sənədlər toplusu işlənilməli, beynəlxalq ictimaiyyətə təqdim edilməlidir;
  • Bütün tarixi, siyasi, hüquqi elementləri nəzərə alan, beynəlxalq hüquqa istinad edən Qərbi Zəngəzura Qayıdış Konsepsiyası hazırlanmalıdır;
  • Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizliyin bərpası, onların öz doğma torpaqlarına qayıdışı üçün beynəlxalq konvensiyalar əsasında bütün şərtlərin təmin edilməsi həyata keçirilməlidir”.

İcma üzvü bildirib ki, Azərbaycan Prezidentinin nitqində verilən mesajlar, müəyyən edilən hədəflər kifayət qədər aydın və dəqiqdir:

“Ən vacib məsələlərdən biri bundan ibarətdir ki, bu hədəflər Azərbaycanın artan gücü, hərbi qüdrəti, iqtisadi potensialı, beynəlxalq münasibətlər sistemində qazandığı etibar fonunda daha əlçatan və real görünür. Xüsusilə də ona görə ki, bu hədəflərə nail olmaq üçün qətiyyətli siyasi iradə və inam var. Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər bu inamın nə qədər möhkəm və qəti olduğunu təsdiq edir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Azərbaycan 2022-ci ilə böyük uğurlarla yekun vurur və 2023-cü ilə doğru daha inamla, qətiyyətlə addımlayır. Həm də dünyada baş verən təlatümlü hadisələr, qlobal güclər arasında münasibətlərin gərginləşməsi, müharibələr, iqtisadi və sosial problemlərə baxmayaraq”.

“Cənubi Qafqazın ən güclü dövlətinin, qalib ölkənin vətəndaşı olmağın hansı duyğular yaratdığını sözlə ifadə etmək çox çətindir. Lakin, bizim müstəqillik illərində əldə etdiyimiz ən böyük uğur, ən yüksək nailiyyət milli birliyimiz və həmrəyliyimizdir. Bizim gücümüzə güc qatan, Prezident İlham Əliyevin liderliyi sayəsində güclənən bu birlik Vətən müharibəsində qazandığımız zəfərin əsas səbəblərindən biri olduğu kimi, həm də gələcək uğurlarımızın təminatçısıdır. Biz 2023-cü ilə daha böyük zəfərlər, daha ciddi uğurlar ümidi ilə addımlayırıq. Azərbaycan Prezidenti ilə görüş bu addımların bir gün bütün qərbi azərbaycanlıları öz doğma yurdlarına aparacağına olan inamımızı daha da qətiləşdirdi. 2023-cü il isə Azərbaycanda Heydər Əliyev ilidir... Ümummilli lider Qərbi Azərbaycan haqqında belə deyirdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçib”,- R. Məmmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi