Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçı Ermənistanın Azərbaycan abidələrini dağıtmasını etiraf etdi” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə tanınan etnoqraf alim, yazıçı, Ermənistan PEN Mərkəzinin qadın bölməsinin rəhbəri, beynəlxalq təşkilatların milli koordinatoru Lusine Xaratyan çıxışlarında özünün bədii əsərlərində millətçilik, şovinizm elementlərinin əmələ gətirdiyi sağalmaz fobiyalardan yaranan xəstəliyin qurbanlarını ustalıqla təqdim edir.
Xəstə erməni milliyyətçiliyinin əsas daşıyıcılarından olan yazıçı Ermənistanı distopiya məkanı kimi göstərir, özünün antiutopik görüşləri prizmasında çağdaş erməni insanının qorxular məngənəsini təsvir edir.
Müəllif ətrafda hər xalqı düşmən kimi görüb ona silah qaldırılan Ermənistanın böyük dalan olduğunu qabardır.
Bildirilir ki, Qarabağda guya erməni soyqırımı aparıldığını bəyan edib, petisayalar yaradan müəllif öz bədii əsərlərində tənqid etdiyi obrazlara çevrilib, rişxənd etdiyi “Erməni xəstəliyi” diaqnozu onun ictimai fəaliyyətində açıq görünür.
Rəzil ideyalar məngənəsində olan etnoqraf alim erməni vandalizmini növbəti dəfə ifşa edir, dini obyektlər və ziyarətgahlardan söz açır, Qərbi Azərbaycanda olan oğuz türklərinə məxsus abidələrin taleyindən danışır.
Verilişdə diqqətə çatdırılır ki, erməni millətçiliyi ilə silahlanan L.Xaratyan Ermənistanın rəsmi dövlət siyasətində azərbaycanlılara məxsus abidələrə qarşı vandalizm addımlarını etiraf etməyə bilmir: “Çünki nə qədər çalışsa da, ən sadə gerçəklər və göz ünündə olan faktları danmaq mümkün deyil. Azərbaycanlıların Qərbi Azərbaycanda olan maddi və qeyri-maddi mədəniyyət nümunələrinin taleyini bir çox araşdırmalarında ön plana çəkir və ölkəsinin, vətəndaşların, elmi ictimaiyyətin, din xadimlərinin, hətta adi insanların burada olan Azərbaycan-Türk izlərini silmək, onu dağıtmaq niyyətini, vandalizmini etiraf edir”.
Bundan əlavə, erməni yazıçının Ermənistanda azərbaycanlıların qəbir yerlərinin dağılması, abidələrinə qarşı vandalizmi, indiki Ermənistanda dövlət səviyyəsində Azərbaycan izlərinin saxtalaşdırılması, Meğridə olan türbələrin tarixinin saxtalaşdırılması, Zəngəzurda Babəkin və Buğa əl-Kəbirin sərdabələrinin təhlükədə olması ilə bağlı açıqlamalarına da yer verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş avqustun 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.