Ermənilərin Tovuzda dağıtdığı evlər yenidən tikilib, dəymiş ziyan ödənilib - VİDEOREPORTAJ

Ermənilərin Tovuzda dağıtdığı evlər yenidən tikilib, dəymiş ziyan ödənilib - VİDEOREPORTAJ “2020-ci ilin iyul ayının 12-17-də baş verən Tovuz döyüşlərindən sonra rayonun Ağdam kəndində mülki vətəndaşlara dəymiş ziyan ödənilib”.
Daxili siyasət
10 İyul , 2021 13:36
Ermənilərin Tovuzda dağıtdığı evlər yenidən tikilib, dəymiş ziyan ödənilib - VİDEOREPORTAJ

“2020-ci ilin iyul ayının 12-17-də baş verən Tovuz döyüşləri zamanı rayonun Ağdam kəndində mülki vətəndaşlara dəymiş ziyan ödənilib”.

Bunu “Report”a Tovuz Rayon İcra Hakimiyyəti başçısının Ağdam kəndi üzrə icra nümayəndəsi Elman Sadıqov deyib.

O bildirib ki, qısa müddət ərzində kənd ərazisində üç ev, bir mal tövləsi tikilib: “Bundan başqa, 12 evdə təmir işləri aparılıb. Kənd sakinlərinə dəymiş ziyan - iki baş iri buynuzlu, beş baş xırda buynuzlu mal-qara ödənilib. Ümumilikdə isə Ağdam kəndində 15 yaşayış evinə ziyan dəymişdi”.

Zərərçəkmiş Zərnişan Gözəlova isə deyib ki, döyüşlər zamanı ermənilərin atdığı mərmi yaşadıqları evə düşüb, atası Əziz Əzizov həlak olub: “Həmin vaxt evimiz də dağıdıldı. Onun yerinə dövlət tərəfindən yeni ev tikilib. Tovuz döyüşləri zamanı atam evdə idi, bizi isə rayonun mərkəzinə - babamgilə göndərmişdi. Hadisə iyulun 14-ü səhər saatlarında baş vermişdi”.

Tovuz Rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, 2020-ci ilin iyul ayının 12-17-si tarixlərində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi təxribatlar zamanı rayonun Ağdam kəndi ilə yanaşı Vahidli, Dondar Quşçu, Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Hacalılı və Koxanəbi kəndlərində mülki evlərə ziyan dəyib. Ümumilikdə düşmənin atdığı mərmilərin dağıtdığı 12 yaşayış evi, bir tövlə yenidən tikilib, 61 yaşayış evində təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmalıyov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Erməni təxribatları nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov həlak olub.

Operator: Ehtiram Cəbi

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi