Qərbi Azərbaycan Xronikası: “Ermənilər kənddə işıqları söndürür, sakinləri qorxudurdular”

Qərbi Azərbaycan Xronikası: “Ermənilər kənddə işıqları söndürür, sakinləri qorxudurdular” Bu gün “Baku TV”-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Daxili siyasət
17 noyabr 2023 17:49
Qərbi Azərbaycan Xronikası: “Ermənilər kənddə işıqları söndürür, sakinləri qorxudurdular”

Bu gün “Baku TV”-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, “Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Gölkənd kənd sakini Elzadə Süleymanovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, kənd həyatından söz açıb: “Orada hamının qapısı hamıya açıq idi. Biz qohumumuza, qonşumuza gedəndə heç kəsin qapısını döymürdük. Hər kəsin evimizi öz evimiz bilirdik. Tərbiyəmizlə bütün kənd məşğul olurdu. Məktəbi hamımız məbəd bilirdik. Bizim oxumağımıza valideynlərimizdən çox müəllimlər çalışırdılar. Elə bir sistem yaranmışdı ki, hamı kitab oxuyurdu.

Kəndimizdə saf mehribanlıq, məhəllələr, bulaqlar, yaylaqlar, yataqlar var idi”.

Onun sözlərinə görə, ata-anası, nənə-babaları 1905, 1918-ci illərin qaçqınları olublar: “Son deportasiya zamanı ermənilər kənddə işıqları söndürür, insanları qorxudur, incidirdilər. O dövrdə tələbə idim, institutda oxuyurdum. Atam, anam, iki bacım və qardaşım kənddə yaşayıblar.

Kəndçilərimizin bəziləri oradan Mingəçevirə, bəziləri Sumqayıta, Zeynalabdin Tağıyev qəsəbəsinə gedib və oradan da sakinlərin bir qrupu ayrılıb”.

E.Süleymanova ermənilərin həmişə bizə qarşı nifrətinin olduğunu, onların məkrli əməllərindən danışıb, qaçqınlıq həyatının ağır keçdiyini, həmin illərdə həyat yoldaşının şəhid olduğunu bildirib: “Qaçqınlıq elə bir şeydir, onu yaşayanlar bilər. Mən kənddə 18 il yaşamışam. Atam hər gün deyirdi ki, kəndimizə çatan kimi qurbanlar kəsəcəyəm, Murguz dağını qırmızıya boyayacam. Anam da hər səhər çölə çıxırdı, havaya baxıb deyirdi ki, indi yəqin Murğuz dağının başına qar yağıb. Yəqin kəndə yağış yağırdı. Şəmkirdə yaşayırdı, ancaq doğulduğu kəndi düşünür, ağlayırdı.

Çox çətin idi. Gölkənddə doğulub boya-başa çatan həyat yoldaşım Pirnəzərov Rizvan Məhərrəm oğlu 1992-ci il avqustun 13-də Gədəbəy rayonunun İvanovka kəndində növbəti yüksəkliyin ələ keçirilməsi zamanı şəhid oldu”.

O, doğma kəndinə bir daha qayıdacağına əminliyini də söyləyib: “Ora mənim yurdumdur, buna görə çox darıxıram. Özümü heç vaxt yurdsuz hiss etmirəm.

Qələbəmiz bizdə ümid yaradır ki, Vətənimizə qovuşmağa az qalıb. İnşallah, kəndimizə çatsam, birinci evimizə, otaqlarımızı gəzərəm, çəpərimizə baxaram, ağaclarımızı yoxlayaram, qonşuların həyətlərini gəzərəm, dağlara qalxaram, qoyun-quzu otardığımız yerləri, örüşlərimizi gəzərəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 17-də saat 19:30-da “Baku TV”-nin efirində və yutub kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi