“Dünən gecə saatlarında Milli Məclisin binasına soxularaq xalqın Qarabağ və ordumuza dəstək aksiyasına kölgə salanların 5-ci kaoon, radikal müxtəlif qrup təmsilçiləri olacağı təxmin edilir”.
Bunu “Report”a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarının təxribatı törədənlərin kimliyini qısa müddətdə ictimaiyyətə açıqlayacağına inanır.
“Dünən igid əsgər və zabitlərimizin şəhid olması insanlarımızı hədsiz dərəcə qəzəbləndirdi. Şəhidlərimizin qarşılanma törəninə minlərlə insan qatıldı, onlara sayğı və minnətdarlıq ifadə olundu. Düşmənin sərhədlərimizdə törətdiyi növbəti təxribat və həyasızlıq vətəndaşlarımız tərəfindən nifrətlə qarşılandı. İnsanlarımız düşmənə qarşı nifrətlərini, Qarabağı azad etmə arzularını, ordumuza, əsgər və zabitlərimizə dəstəklərini ifadə etmək, birlik-bərabərliyimizi, işğal olunmuş ərazilərimizi düşməndən azad etmək qərarlılığını dünyaya nümayiş etdirmək üçün küçələrə axışdı. Qarabağ şüarı hayqırdı, küçə və meydanları doldurdu.
Təəssüflər olsun ki, xalqımızın belə bir həssas dönəmində bir qrup özünübilməz, məsuliyyətsiz və kimliyi dəqiq bilinməyən təxribatçı qrup Milli Məclisin binasına soxulub, avadanlıqlara, polis maşınlara, insanlara xəsarət yetirib, xalqımızın ülvi Qarabağ və ordumuza dəstək aksiyasına təəssüflər olsun ki, kölgə salıblar. Bu adamların 5-ci kolon, radikal müxtəlif qrup təmsilçiləri olacağı təxmin edilir”.
Partiya sədri sonda vurğulayır ki, indi heç bir təxribata uymaq olmaz və insanlarımız diqqətli olmalıdır:
“Birlik, bərabərlik zamanıdır. Hamı dövlətimizi və ordumuzu müdafiə etməlidir. Bütün müxalifətçılık arxa plana keçməli, hakimiyyət qələbə üçün fəaliyyəti qərarlı surətdə təşkil etməli, müxalifət də, cəmiyyət də bu prosesə dəstək verməlidir.
Haqq bizim tərəfdədir və biz birlikdə qalib gələcəyik!”